“Sülh imitasiya, təxribat reallıq: Ermənistanın ikiüzlü siyasəti”

“Artıq uzun müddətdir ki, Ermənistanın təxribatları davam edir. Sülh danışıqlarında bu qədər irəliləyişin əldə olunduğu bir mərhələdə Ermənistan tərəfinin hərbi potensialını artırmaq istiqamətində atdığı addımlar və sülhü sadəcə imitasiya etməsi, baş verəcək təxribatların ilkin siqnalları idi. Çünki nə Ermənistan, nə də onu dəstəkləyən siyasi mərkəzlərin əsas hədəfi heç vaxt sülh olmayıb. Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən forumda iştirakçıların suallarını cavablandırarkən bu məsələyə xüsusi diqqət çəkərək bildirdi ki, Ermənistanın mövcud hərbi-siyasi hakimiyyətində passiv revanşist əhval-ruhiyyə üstünlük təşkil edir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Xatırladaq ki, son günlərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin atıcı silahlardan atəşə tutulması hallarında artım müşahidə olunur. Bu kimi təxribat xarakterli addımlar bölgədə gərginliyin artmasına xidmət edir və sülh prosesinə ciddi zərbə vurur.

Siyasi şərhçi qeyd edib ki, bu baxımdan Paşinyanın sülh görüntüsü yaratmaq cəhdləri Ermənistanın sülhə hazır olduğu təəssüratını yaratmamalıdır.

“Əksinə, Ermənistan hazırda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə yanaşı, region üçün təhlükə yarada biləcək radikal ideoloji yanaşmalara və revanşist xülyalara sahibdir. Təxribatların əsas məqsədi Azərbaycanı təhrik edərək hərbi qarşıdurmaya cəlb etməkdir. Lakin aydındır ki, belə hallarda Azərbaycan Ordusu hər zaman olduğu kimi adekvat cavab verəcək və Ermənistan növbəti dəfə dəmir yumruğun gücünü hiss edəcək. Qeyd olunmalıdır ki, belə bir cavab Ermənistan üçün ağır nəticələrə, hətta onun sonuna səbəb ola bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az