Ağ Ev: İran Nüvə Proqramını Dayandırmasa, Hərbi Müdaxilə Masadadır

“ABŞ və İran arasındakı danışıqlar məhz Ağ Evin təşəbbüsü ilə başlamışdır. Tramp administrasiyası bu görüşlərlə İranı nüvə proqramını dayandırmağa məcbur etmək istəyir. Ağ Evin əsas tələbi ondan ibarətdir ki, İran nüvə silahı yaratmaq niyyətindən birmənalı şəkildə imtina etməli və bunu təsdiqləmək üçün İranın bütün nüvə obyektlərini Qərb müfəttişlərinin üzərinə açmalıdır. Yəni, ABŞ İranın nüvə proqramını tam nəzarət altına almağa çalışır. Bundan əlavə, Ağ Ev açıq şəkildə bəyan edir ki, İrana nüvə silahı yaratmaq imkanı verilməməlidir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, İran və ABŞ arasında danışıqların növbəti iki raundu gələn həftə Cenevrədə, ondan bir həftə sonra isə Omanda keçiriləcək. Aprelin 12-də Omanda ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff ilə İranın xarici işlər naziri Abbas Araqçı arasında dolayı danışıqların ilk raundu baş tutub.

Siyasi şərhçi qeyd edib ki, rəsmi Tehranın bu danışıqlarda tutacağı mövqe, ABŞ-İran münasibətlərinə birbaşa təsir göstərə bilər.

“Ağ Ev bir müddət öncə rəsmi şəkildə bəyan edib ki, əgər İran nüvə proqramlarını dayandırmazsa, o zaman ABŞ İrana qarşı hərbi müdaxiləyə məcbur ola bilər. Tramp administrasiyası bildirir ki, İrana qarşı hərbi müdaxilə variantı hazırda Ağ Evdə masanın üzərindədir və müzakirə olunur. Hətta ABŞ-ın vitse-prezidenti və dövlət katibi, İranla danışıqların dayandırılmasını təklif ediblər. Prezident Tramp da məsləhət görüb ki, İranla mövcud problemlər hərbi güc vasitəsilə həll edilsin, çünki danışıqlar vasitəsilə bu məsələlərin həlli baş tutmaya bilər. Buna görə də, ABŞ-da aqressiv mövqedə olan kifayət qədər siyasi dairə mövcuddur. Əgər ABŞ ilə İran arasında anlaşma baş tutmazsa, Ağ Evin şərtləri daxilində bir razılaşma əldə olunmazsa, o zaman ABŞ daha sərt və aqressiv bir siyasi kurs izləyə bilər və bu, hərbi müdaxilə və ya hərbi zərbələrə qədər inkişaf edə bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az