- Müşahidə məntəqəsi
- 20:09
- 1 758
"İran Prezidenti Azərbaycana gəlir: Səfər iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər"

“İran-Azərbaycan münasibətlərində son dövrlərdə qarşılıqlı səfərlərin sayı artmaqdadır. Daha əvvəl İranın bir sıra yüksək vəzifəli rəsmiləri Azərbaycana səfər etmiş, hər iki ölkənin nazirləri müxtəlif səviyyələrdə görüşlər keçirmişdilər. Eyni zamanda, Novruz və Ramazan bayramları münasibətilə Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışıqları baş tutmuşdu. Bu fonda İran Prezidentinin Azərbaycana planlaşdırılan səfəri xüsusi əhəmiyyət kəsb edir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri mayın ilk həftəsində planlaşdırılır. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib. O bildirib: “Bu səfər iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, mövcud məsələlərin gündəmə gətirilməsi və müzakirələrin aparılması üçün bir fürsətdir”. Cənubi Qafqaz regionunda sabitlik və əməkdaşlığın təşviqi baxımından da bu səfər önəmlidir. İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri, İran-Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Siyasi şərhçinin fikrincə, səfər xüsusilə nəqliyyat, infrastruktur sahələrində və gələcək birgə layihələrin müzakirəsi baxımından əhəmiyyət kəsb edir:
“Qeyd edilməlidir ki, ötən dövrlərdə İranda bəzi məmurların və medianın apardığı təbliğat fonunda iki ölkə arasında münasibətlərdə müəyyən gərginliklər yaranmışdı. Lakin hazırda diplomatik əlaqələrdə canlanma və istiləşmə müşahidə olunur. Bu baxımdan, səfər çərçivəsində Azərbaycanın narahatlıq doğuran məsələləri gündəmə gətirəcəyi və müvafiq müzakirələrin aparılacağı gözlənilir. Görüş, Azərbaycan və İran arasında gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi, həmçinin regional və qlobal siyasətə dair mövqelərin dəqiqləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az