Sülh, Diplomatiya və ATƏT: Sinirlioğlunun İrəvan missiyası

“Firudin Sinirlioğlunun 2024-cü ilin dekabrından etibarən ATƏT-in Baş katibi vəzifəsinə təyin olunması mühüm hadisə kimi qiymətləndirilir. Daha əvvəl Türkiyənin BMT-dəki daimi nümayəndəsi olmuş Sinirlioğlunun bu vəzifəyə gətirilməsi, xüsusilə Azərbaycan üçün ATƏT-in nüfuzunun yüksəlməsi baxımından əhəmiyyətlidir. Qeyd edilməlidir ki, 2020–2024-cü illər ərzində ATƏT Qərbin anti-Azərbaycan ritorikasının təsiri altında fəaliyyət göstərirdi. İndi isə quruma türk diplomatın rəhbərlik etməsi, Azərbaycanın milli maraqlarına uyğun olaraq Azərbaycan–ATƏT münasibətlərində yeni, müsbət bir mərhələnin başlanmasına imkan yaradır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Xatırladaq ki, ATƏT-in Baş katibi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə tanınan diplomat Firudin Sinirlioğlunun Ermənistana səfəri regionda böyük maraq doğurub. Səfər çərçivəsində o, Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşərək ATƏT-Ermənistan əməkdaşlığı, eləcə də Ermənistan-Azərbaycan danışıqlarının mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparıb. Sinirlioğlunun İrəvana səfəri Azərbaycanda da diqqətlə izlənilib. Ekspertlər və rəsmi dairələr, bir türk diplomatın ATƏT-ə rəhbərlik etməsinin təşkilatın gələcəkdə Ermənistan-Azərbaycan münasibətlərində daha balanslı və konstruktiv mövqe sərgiləməsinə töhfə verəcəyinə ümid edirlər. Bu səfər, eyni zamanda ATƏT-in regionda sülhün və əməkdaşlığın təşviqində daha fəal rol oynaya biləcəyinin göstəricisi kimi qiymətləndirilir.

Siyasi şərhçi bildirib ki, Firudin Sinirlioğlunun fəaliyyətə başladıqdan sonra Ermənistan rəsmiləri ilə bir sıra görüşlər keçirməsi yeni siyasi ab-havanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.

“Bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşən Baş katib, apreldə İrəvana səfəri zamanı Baş nazir Nikol Paşinyanla da bir araya gəlib. Görüşdə Ermənistan–Azərbaycan sülh prosesinin cari vəziyyəti müzakirə edilib. Paşinyan bildirib ki, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı sənədin imzalanması sülh müqaviləsi ilə eyni gündə baş tutmalıdır. Onun yanaşmasına görə, əgər münaqişə rəsmi olaraq bitmiş hesab olunacaqsa, onun həlli ilə məşğul olan quruma da ehtiyac qalmayacaq. Beləliklə, Minsk Qrupu de-fakto fəaliyyətsiz olduğu kimi, de-jure – hüquqi baxımdan da mövcudluğunu dayandıracaq. Bu yanaşma artıq bir çox tərəf tərəfindən qəbul edilib. Lakin Ermənistan hələ də Azərbaycanın digər əsas şərti olan konstitusiyanın yenilənməsi məsələsində irəliləyiş göstərmir. Bu da sülh prosesini ləngidən əsas amillərdən biridir. Hazırkı mərhələdə tam şəkildə ləğv olunmamış Minsk Qrupunun Azərbaycanın maraqlarına zidd fəaliyyətini neytrallaşdırmaq məqsədilə Azərbaycan diplomatik müstəvidə fəallığını davam etdirir. Bu çərçivədə atılan addımlardan biri kimi Azərbaycanın ATƏT-in ümumi büdcəsindən Minsk Qrupu üçün vəsait ayrılmasına qarşı çıxması qeyd oluna bilər”.

Siyasi şərhçinin sözlərinə görə, gələcəkdə sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan və ATƏT arasında əməkdaşlıq artıq ikitərəfli formatda davam etdiriləcək:

“Qeyd edək ki, ATƏT-in əvvəlki rəhbəri, alman əsilli Helqa Şmid 2024-cü ilin iyulunda Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşdə qurumun gündəliyində alternativ enerji, yaşıl limanlar və beynəlxalq nəqliyyat dəhlizlərinin önəmli yer tutduğunu bildirmişdi. Beləliklə, post-münaqişə dövründə Azərbaycanla ATƏT arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edəcək. Lakin bu əməkdaşlıq çərçivəsində artıq münaqişə ilə bağlı məsələlər yer almayacaq. Beynəlxalq siyasi konfiqurasiyaların dəyişməsi fonunda regional və beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə fəaliyyətlərin zəifləməsi və ümumilikdə münasibətlərin müsbət istiqamətə yönəlməsi gözlənilir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az