- Müşahidə məntəqəsi
- 23 Aprel 21:14
- 1 093
ABŞ-İran Gərginliyi və Regiona Təsirləri: Azərbaycan Nə Etməlidir?

“Trampın hakimiyyətə gəlişindən sonra dünya ölkələri arasında mövcud sistem çökməyə doğru istiqamətlənib. Ağ Evin indiki sahibinin əvvəlki hakimiyyəti dövründə sona çatdıra bilmədiyi bəzi məsələləri bu gün daha fərqli şəkildə gündəmə gətirməsi dünyada çaşqınlıq yaradıb. ABŞ administrasiyasının dost-düşmən fərqi qoymadan bütün ölkələrə qarşı irili-xırdalı savaş açması yaxın tarix üçün heç də yaxşı nələrsə vəd etmir. Trampın tarif savaşı isə beynəlxalq münasibətlər sistemində şok effekti yaradıb. ABŞ prezidentinin “hər şey amerikalıların rifahı üçün” şüarı bir çox ölkədə narazılıqla qarşılanıb və bu yanaşmaya qarşı birləşən ölkələr də az deyil. Hətta ABŞ cəmiyyətində də bu siyasətə münasibət birmənalı deyil”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Qeyd edək ki, son illər beynəlxalq münasibətlər sistemindəki balans, ABŞ-ın Rusiya və İranla apardığı ikili siyasət fonunda dəyişməkdədir. Vaşinqton bir tərəfdən Moskva ilə münasibətləri normallaşdırmağa çalışır, digər tərəfdən isə İranı ya diplomatik yolla razı salmaq, ya da təzyiqlə zəiflətmək niyyətindədir. Tramp administrasiyasının Kremlə qarşı yumşaq, Tehrana qarşı isə sərt mövqeyi qlobal geosiyasi vəziyyəti mürəkkəbləşdirir. Bu gərginlik Cənubi Qafqaza, xüsusilə də Azərbaycana təsirsiz ötüşmür. İran ətrafında mümkün hərbi və ya siyasi qarşıdurma ölkəmiz üçün həm sərhəd təhlükəsizliyi, həm də enerji marşrutları baxımından risk yaradır. Rusiya ilə bağlı qeyri-müəyyənlik isə regionun gələcəyi ilə bağlı suallar doğurur.
Deputat əlavə edib ki, tarif savaşından başqa, ABŞ prezidentinin Yaxın Şərq, Ukrayna-Rusiya münaqişələri və İranın nüvə proqramı ətrafında gedən danışıqlara yanaşması da beynəlxalq aləmdə normal qarşılanmır:
“Bayden hakimiyyəti dövründə ABŞ-Rusiya münasibətləri kifayət qədər gərgin idi. Hətta tərəflər bir-birini nüvə silahı ilə hədələyirdilər. Dünya müharibəsi bir addımlıqda idi. Trampın Ağ Evə qayıdışı fonunda nüvə savaşı riski azalsa da, ümumi gərginlik səngiməyib. Hazırda Rusiyanın müttəfiqi olan İranla ABŞ arasında münasibətlər yenə də qarşıdurma səviyyəsindədir. İranın nüvə proqramı ilə bağlı şərtləri dəyişməməsi və ‘milli maraqlar’ ritorikasına qayıtması regiondakı vəziyyəti daha da gərginləşdirir. Nəzərə alsaq ki, İran milyonlarla soydaşımızın yaşadığı dövlətdir, bu ölkəyə qarşı hər hansı hərbi müdaxilə Azərbaycana da təsirsiz ötüşməyəcək. Ölkəmizin müharibənin əleyhinə çıxması tamamilə anlaşılandır. Sərhədlərimizdə gərginlik arta, enerji infrastrukturlarımız hədəfə çevrilə bilər, milli təhlükəsizliyimiz zərər görə bilər. Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasını və mehriban qonşuluq şəraitində yaşamağı prioritet məqsəd kimi qarşıya qoyub. Güman etmək olar ki, ABŞ və onun müttəfiqləri İranla müharibə yolunu seçməzlər. Əgər nüvə proqramı ətrafında danışıqlar müsbət məcrada davam etdirilərsə və razılıq əldə olunarsa, gərginlik təkcə İran ətrafında deyil, bütün regionda azala bilər.”
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az