"Azərbaycan–Çin Əlaqələri: Keçmişin İpək Yolu, Gələcəyin Yaşıl Yolu"

“Azərbaycanla Çin arasında münasibətlər dərin tarixi köklərə malikdir. Hələ qədim “İpək yolu” dövründən bu əlaqələr mədəni və iqtisadi sahələrdə inkişaf edib. Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və iki ölkə daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan isə Çinin “Vahid Çin” prinsipinə açıq şəkildə dəstək verib. 2023-cü ildə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərin inkişafında yeni mərhələ olub. Hazırda Çin Azərbaycanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. 2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin 7,9 faizi Çinin payına düşür. Azərbaycanın “Bir kəmər, bir yol” layihəsinə verdiyi dəstək və həyata keçirdiyi infrastruktur layihələri Orta Dəhlizi mühüm logistika marşrutuna çevirib”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, Azərbaycan və Çin müasir dünya nizamı, siyasi, iqtisadi və sosial proseslərə bənzər yanaşma sərgiləyir və bir çox məsələdə ortaq mövqe nümayiş etdirirlər. Hər iki ölkə BMT Nizamnaməsinin prinsiplərinə və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini ifadə edir. Hegemonluğa, birtərəfli siyasətə və güc tətbiqinə qarşı çıxır, dövlətlərarası münasibətlərdə bərabərlik və qarşılıqlı hörmətin vacibliyini vurğulayırlar. Eyni zamanda, sülh, davamlı inkişaf, sosial ədalət, demokratiya və insan azadlıqları kimi dəyərlərin təşviqinə və bu sahədə əməkdaşlığın genişləndirilməsinə dəstək verirlər.

Siyasi şərhçi bildirib ki, Azərbaycan həm Qərb–Şərq, həm də Şimal–Cənub nəqliyyat dəhlizlərində mühüm rol oynayır.

“Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində enerji sahəsində əməkdaşlığa dair mühüm sənədlər imzalanıb. Bunlara günəş və külək enerjisi layihələri, enerji saxlanc sistemləri və yaşıl enerji inkişafına dair sazişlər daxildir. Səfər zamanı həmçinin vizaların qarşılıqlı ləğvi, texniki-iqtisadi əməkdaşlıq, elm, mədəniyyət, kosmos və ticarət sahələrində bir sıra mühüm razılaşmalar əldə olunub. Prezident İlham Əliyev və Çin lideri Si Cinpin tərəfindən hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat imzalanıb. Bütün bunlar Azərbaycan–Çin münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az