- Müşahidə məntəqəsi
- 25 Aprel 20:38
- 2 006
Orta Dəhlizdən Vizasız Səyahətə: Azərbaycan-Çin Münasibətlərində Yeni Səhifə

“Bildiyiniz kimi, Çin və Azərbaycan arasında artıq 34-35 illik hərtərəfli münasibətlər mövcuddur. Bu əlaqələr iqtisadi, mədəni və siyasi sahələr də daxil olmaqla bir çox istiqamətdə inkişaf edir. Azərbaycanın xarici ticarət dövriyyəsində Çinin payı 8.5 faiz təşkil edir. Çin, Azərbaycanın ən çox idxal etdiyi ölkələr sırasında ilk yerlərdən birini tutur və bu sahədə geniş əməkdaşlıq mövcuddur. Hazırda Azərbaycanda fəaliyyət göstərən Çin investisiyalı şirkətlərin sayı təxminən 400-ə çatır və onlardan 300-ə yaxını aktiv şəkildə fəaliyyət göstərir. Huawei, kənd təsərrüfatı və ağıllı şəhər layihələrində, eləcə də iqtisadi-sənaye sahələrində fəal iştirak edir”.
Bu fikirləri AzNews.az -a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
Xatırladaq ki, Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib. Bu mühüm qərar, iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli addımdır. Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Szinpinin iştirakı ilə keçirilən imzalanma mərasimində qarşılıqlı vizasız gediş-gəlişi nəzərdə tutan razılaşma rəsmiləşdirilib.
Ekspert qeyd edib ki, bununla yanaşı, Azərbaycanla Çin arasında genişmiqyaslı nəqliyyat dəhlizi formalaşıb.
“Bu əməkdaşlıq qədim tarixə, o cümlədən min illərlə əvvəl fəaliyyət göstərmiş Böyük İpək Yolu ənənələrinə əsaslanır. Hazırda isə Orta Dəhliz layihəsi çərçivəsində əməkdaşlıq davam edir. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşməsi, ölkəmizi Çin üçün strateji əhəmiyyətə malik tərəfdaşa çevirir. Belə dərin iqtisadi əlaqələr, qarşılıqlı investisiyalar fonunda vizasız gediş-gəliş məsələsi artıq həllini tapıb və bu, alqışa layiq qərardır. Bu qərar nəticəsində Azərbaycan sahibkarları və ümumilikdə vətəndaşlar Çində yeni imkanları araşdıra biləcəklər. Eyni zamanda, Çin vətəndaşları da Azərbaycana sərbəst şəkildə səfər edərək buradakı investisiya imkanlarından yararlana biləcəklər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az