- Müşahidə məntəqəsi
- 18:38
- 1 508
Azər Həsrət: Saxta İddialar gerçəkləri əvəz edə bilməz!
.jpg)
“Son dövrlər Avropa Birliyi missiyasının “soyqırımı” ilə bağlı paylaşımını dərhal silməsi və düzəliş edib yenidən yazması diqqət çəkib. Bu, yalnız Avropanın və Avropa Birliyinin məsələyə yanaşması ilə bağlı deyil, həm də Ermənistan hakimiyyətinin məsələyə yanaşmasıdır. Qeyd etmək lazımdır ki, ABŞ Prezidenti Donald Tramp ənənəvi çıxışlarında “erməni soyqırımı” ifadəsini istifadə etməyib, sadəcə qurbanlardan və faciədən danışıb. Bu, ermənilər tərəfindən sərt şəkildə tənqid edilib, onlara ciddi etiraz məktubları göndərilib”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası, “erməni soyqırımı” ilə bağlı qeydləri silib. Missiyanın X sosial şəbəkəsindəki rəsmi səhifəsində əvvəl “erməni soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edirik” ifadəsi yer alırdı, amma sonradan bu, “1915-1923-cü illər qurbanlarının xatirəsinə” ilə əvəz edilib. Görünür, Aİ-nin Ermənistandakı Mülki Missiyası rəsmi Ermənistan və erməni lobbisinin tarixi saxtalaşdırmaqla apardığı ideoloji təbliğatda iştirak edir.
Siyasi şərhçi əlavə edib ki, Avropada və dünyada artıq başa düşülür ki, “soyqırımı” iddiaları qondarmadır və əsassızdır.
“Ermənistanda da bir çox şəxs artıq bu faktı anlamağa başlayıb. Belə bir şəraitdə Avropa Birliyi missiyasının bu cür ifadə ilə münasibət bildirməsi diqqətsizlik və qeyri-ciddi yanaşma kimi görünür. Görünür, Avropa tərəfi əvvəlcə bu mövzuda adət üzrə hərəkət etməyə çalışıb, amma səhvini dərk etdikdən sonra paylaşımı silib və yenidən düzəliş edərək dərc edib. Bu isə erməni diasporası tərəfindən yeni bir qəzəbə səbəb olub. Bütün bu qarşıdurmaların fonunda, bir həqiqət var ki, “soyqırımı” iddiaları sübuta yetirilməyib. Bununla bağlı Türkiyə dəfələrlə ortaq komissiya yaradılmasını və hər iki tərəfin arxivlərinin açılmasını təklif edib, amma Ermənistan bu təklifi qəbul etməyib. Niyə? Çünki gerçəklər üzə çıxarsa, “soyqırımı” iddialarının əsassız olduğu ortaya çıxacaq. Paşinyan bunu yaxşı başa düşdüyü üçün ermənilərə dəfələrlə deyib ki, xəyallarla yaşamamalıyıq və gerçəkləri qəbul etməliyik”.
Siyasi şərhçi sonda vurğulayıb ki, bu, həm də Azərbaycan və Türkiyə münasibətlərinin normallaşması üçün bir çağırışdır:
“Saxtakarlıq üzərində qurulmuş iddialar heç vaxt gerçəkləri əks etdirməyəcək. Avropa Birliyi missiyasının bu məsələdəki səhvi, ümumiyyətlə, Avropanın bölgədəki oyununa olan diqqət və yanaşmaların nə qədər dəyişdiyini göstərir. Son nəticədə isə heç bir saxta iddia real faktlarla dəyişdirilə bilməz”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az