- Müşahidə məntəqəsi
- 18:56
- 1 644
Azərbaycanın Enerji Diplomatiyası: Qərbə və Çinə Paralel Yanaşma

“Azərbaycan dövləti qlobal məkanda dünya nəhəngləri arasında baş verən qarşıdurmalara, ziddiyyətlərə və toqquşmalara demək olar ki, müdaxilə etmir. Rəsmi Bakı tam hesablanmış və Azərbaycanın maraqlarına uyğun xarici siyasət yürüdür. İlk növbədə, Azərbaycanın iqtisadi inkişaf perspektivləri aça biləcək tərəfdaşlarla münasibətlər qurmağa üstünlük verir. Bu baxımdan Azərbaycan həm Amerika Birləşmiş Ştatları ilə, həm də Avropa Birliyi ilə enerji sahəsində geniş əməkdaşlıq edir. Hazırda Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə ən etibarlı tərəfdaşıdır. Azərbaycanın enerji resursları Qərb bazarlarına çıxarılır”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Xatırladaq ki, son dövrlərdə qlobal ticarət münasibətləri ciddi dəyişikliklərə məruz qalıb. ABŞ Prezidenti Donald Trampın “America First” siyasəti, xüsusilə Çin və Avropa İttifaqı ilə ticarət müharibələrini gücləndirib. Bu siyasət, yalnız ABŞ-ın müttəfiqləri ilə münasibətləri gərginləşdirməklə qalmayıb, həm də qlobal ticarət sistemində qeyri-müəyyənliyi artırıb. Ekspertlər bildirir ki, Azərbaycan bu qlobal dəyişikliklərdən yayınmaq üçün xarici siyasətində balanslı və strateji yanaşmalar tətbiq edir. Ölkəmiz, ABŞ, Çin və Aİ ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirərək, öz maraqlarını qorumağa çalışır. Prezident İlham Əliyevin Çinə rəsmi səfəri də bu baxımdan diqqət çəkir.
Siyasi şərhçi bildirib ki, bu baxımdan Azərbaycanın iqtisadi və ticari məkanda Qərblə və Amerika Birləşmiş Ştatları ilə ciddi ziddiyyətləri və problemləri yoxdur.
“Eyni zamanda, rəsmi Bakı hesab edir ki, yaxın gələcək üçün alternativ istiqamətlərin müəyyənləşdirilməsi də strateji əhəmiyyət daşıyır. Buna görə də Amerika Birləşmiş Ştatları ilə kəskin ziddiyyətlər içərisində olan Çinlə də iqtisadi və ticari münasibətlərini inkişaf etdirməyə meyl göstərir. Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri bu baxımdan olduqca məhsuldar olub və yüksək səviyyədə müsbət nəticələr verib. Çin dünyanın əsas güc mərkəzlərindən biri, Asiya qitəsinin hegemon dövlətidir. Çinin iqtisadi potensialı çox yüksəkdir və hərbi sənaye kompleksi müasir silahların istehsalında öncül yerlərdən birini tutur. Buna görə də Çin Azərbaycan üçün strateji əhəmiyyət daşıyan tərəfdaşdır. Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq haqqında sənəd də imzalanıb. Bu baxımdan, Azərbaycan yalnız bir istiqamətə məhkum qalmayaraq, alternativ iqtisadi və ticari istiqamətlər müəyyənləşdirib. Bu istiqamətlər arasında yüksək iqtisadi potensiala malik Çin öncül yerlərdən birini tutur”.
Siyasi şərhçi daha sonra əlavə edib ki, Azərbaycan-Çin münasibətləri bundan sonra daha intensiv şəkildə inkişaf edəcək və Azərbaycan bu prosesdə fəal siyasət yürütməyə çalışır:
“Həm Amerika Birləşmiş Ştatları, həm Avropa Birliyi, həm də Çinlə həm siyasi, həm də iqtisadi ticarət münasibətlərinin mövcud olması Azərbaycana sərfəlidir. Belə bir situasiyada balansın qorunması baxımından Azərbaycanın nə ABŞ ilə Avropa Birliyi arasındakı ziddiyyətlərə, nə də Amerika Birləşmiş Ştatları ilə Çin arasındakı kəskin ziddiyyətlərə müdaxilə etməməsi tamamilə doğru bir yanaşmadır. Çünki bu qarşıdurmalar Azərbaycana aid deyil. Azərbaycan, bu qarşıdurmalarda neytral mövqe tutmaqla, özünü gələcək siyasi və iqtisadi sarsıntılardan qorumaq imkanları qazanır. Bütün sərfəli istiqamətlərlə, o cümlədən bu üç nəhəng iqtisadi və ticari mərkəzlə münasibətlərin pozitiv məzmun daşıması Azərbaycana tamamilə sərfəlidir. Azərbaycanın neytrallığı onu gələcək təhlükələrdən qorumaq baxımından ən ciddi amil rolunu oynayır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az