- Müşahidə məntəqəsi
- 29 Aprel 20:40
- 1 175
"Azərbaycanın Xarici Siyasəti: Vektorlar Müxtəlif, Məqsəd Bircədir – Milli Maraqlar"

“Son illərdə beynəlxalq münasibətlər sistemində ikitərəfli diplomatiyanın əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artmaqdadır. Bu tendensiya, xüsusilə çoxtərəfli diplomatiya institutlarının münaqişələrin həllində və beynəlxalq münasibətlərin nizamlanmasında effektiv nəticələr verə bilməməsi ilə bağlıdır. Müxtəlif beynəlxalq təşkilatların təsir gücünün zəifləməsi və qərarların icrasında yaranan problemlər ikitərəfli əlaqələrin daha çevik və nəticəyönlü bir mexanizm kimi irəli çıxmasına səbəb olmuşdur”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.
Xatırladaq ki, beynəlxalq münasibətlər sistemində ikitərəfli əlaqələrə verilən strateji önəm dövlətlərin xarici siyasət kurslarının formalaşmasında əsas amillərdən biridir. Qlobal və regional dəyişikliklər fonunda diplomatik səfərlərin intensivləşməsi əməkdaşlıq imkanlarını genişləndirir. Bu cür səfərlər mövcud əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı, yeni tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində də mühüm rol oynayır. Son illərdə Azərbaycan ilə İsrail arasında münasibətlər yeni mərhələyə qədəm qoyur. Bu kontekstdə İsrailin Baş naziri Benyamin Netanyahunun mayın 8-də Azərbaycana gözlənilən səfəri xüsusi əhəmiyyət daşıyır.
Siyasi şərhçi qeyd edib ki, bu kontekstdə Azərbaycan regional və qlobal proseslərdə özünü aktiv aktor kimi təqdim edir.
“Ölkə həm Qərblə, həm də Şərqlə, eləcə də qlobal Cənubla dərin tərəfdaşlıq əlaqələri qurmağa və bu əlaqələri möhkəmləndirməyə xüsusi önəm verir. Azərbaycanın strateji mövqeyi ona müxtəlif coğrafi və siyasi güc mərkəzləri arasında körpü rolunu oynamaq imkanı yaradır. Bu mövqe yalnız iqtisadi və energetik tranzitlə məhdudlaşmır, eyni zamanda diplomatik vasitəçilik təşəbbüslərini də əhatə edir. Azərbaycanın bu körpü funksiyası xüsusilə Yaxın Şərq regionunda nəzərə çarpır. Məsələn, ölkəmiz keçmişdə Türkiyə ilə İsrail, eləcə də Türkiyə ilə Suriya arasındakı münasibətlərin normallaşdırılması prosesində vasitəçi rolunu oynayıb. Son dövrlərdə İsrailin Baş nazirinin Azərbaycana səfəri bu əlaqələrin daha da inkişaf etdiyini göstərir və bu, yalnız ikitərəfli münasibətlərin deyil, eyni zamanda regional sabitliyin təmin olunmasına da töhfə verə bilər. Digər tərəfdən, İran Prezidenti İbrahim Rəisinin Bakıya səfəri və Azərbaycan Prezidenti ilə apardığı məhsuldar danışıqlar, iki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan əlaqələrin inkişafına işarə edir”.
Siyasi şərhçi daha sonra əlavə edib ki, bu, Azərbaycanın həm İran, həm də İsraillə paralel münasibətlər saxlaması və balanslaşdırılmış xarici siyasət yürütməsi baxımından mühüm əhəmiyyət kəsb edir:
“Azərbaycan öz milli maraqlarına əsaslanaraq, müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq edir və bu əməkdaşlıqdan yalnız müsbət dividentlər əldə edir. İranda bəzən bu siyasətə qarşı radikal dairələrdən tənqidi yanaşmalar müşahidə olunsa da, Azərbaycan beynəlxalq arenada müstəqil siyasət aparmaq hüququna malikdir və bu siyasət ölkənin strateji maraqlarına xidmət edir. Belə bir mövqe, Azərbaycanın həm regionda, həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Nəticə etibarilə, beynəlxalq diplomatiyada yaranmış yeni şərait Azərbaycanın çevik və çoxtərəfli diplomatik imkanlarını reallaşdırmasına şərait yaradır. İkitərəfli münasibətlərin aktuallığı fonunda Azərbaycanın vasitəçilik təşəbbüsləri və balanslı siyasəti, onu regional sabitliyin və əməkdaşlığın formalaşmasında əsas aktorlardan birinə çevirir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az