- Müşahidə məntəqəsi
- 29 Aprel 20:47
- 1 442
"Geosiyasi qarşıdurma fonunda Ukraynada sülh perspektivləri zəifləyir"

“Hazırkı geosiyasi vəziyyət göstərir ki, Ukrayna ilə Rusiya arasında yaxın vaxtlarda atəşkəsin əldə olunması ehtimalı olduqca zəifdir. Mövcud proseslərə nəzər saldıqda, əksinə, müharibənin daha da genişlənməsi riski getdikcə artır. Bu vəziyyətin yaranmasında beynəlxalq aktorlar – xüsusilə ABŞ və Avropa İttifaqı – arasında strateji fikir ayrılıqları mühüm rol oynayır. ABŞ hər nə qədər münaqişəni dayandırmaq cəhdləri etsə də, hələlik effektiv nəticələr əldə olunmayıb. Bunun başlıca səbəbi isə Ukrayna və Rusiya arasında mövqelərin yaxınlaşdırılmasında çətinliklərin davam etməsidir. Digər tərəfdən, Avropa İttifaqı müharibənin dayandırılmasına yönəlmiş səyləri bir növ zəiflədir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya Prezidenti Vladimir Putinin “May atəşkəsi” təklifinə cavabında münaqişənin mahiyyətini və tərəflər arasındakı dərin etimadsızlığı bir daha ortaya qoyub. “Atəş yalnız bir neçə günlük dayandırılıb sonra yenidən öldürmək üçün bərpa olunmamalıdır. Atəş dərhal, tam və şərtsiz şəkildə, ən azı 30 gün müddətinə dayandırılmalıdır – bu, daha etibarlı və zəmanətli olar,” – deyə Zelenski bildirib.
Siyasi şərhçi əlavə edib ki, Avropa dövlətləri, xüsusilə Rusiya ilə həmsərhəd olan ölkələr, Ukraynanın kapitulyasiyasının özləri üçün növbəti təhlükəyə çevriləcəyindən narahatdırlar.
“Bu səbəbdən Ukraynaya dəstək artan templə davam edir. Son aylarda Avropa ölkələrinin Ukraynaya verdiyi hərbi yardımın intensivləşməsi də bu strategiyanın təzahürüdür. Bu kontekstdən baxdıqda, münaqişənin yalnız bir tərəfin kapitulyasiyasına razı olması halında başa çata biləcəyi ehtimal olunur. Mümkün ssenariləri analiz etdikdə, daha real kapitulyasiya tərəfi kimi Ukraynanın adı ön plana çıxır. Rusiya mövcud mərhələdə daha güclü siyasi və hərbi mövqeyə malikdir və bu da onun danışıqlardakı üstünlüyünü artırır. Ukrayna Prezidenti Volodimir Zelenskinin mövcud şəraitdə müharibənin uzanmasında maraqlı olduğu görünür. Siyasi reallıq ondan ibarətdir ki, müharibənin sonlanması Zelenskinin siyasi karyerasının da sonu ola bilər. O, bu vəziyyəti dərk edərək, kapitulyasiya və ya güzəştli sülh sənədinə imza atmaqdan çəkinə bilər. Belə bir halda ehtimal olunur ki, o, həmin sənədə imza atmadan əvvəl istefa verə və bu məsuliyyəti başqa bir siyasi fiqura ötürə bilər. Nəticə etibarilə, Ukrayna-Rusiya münaqişəsində yaxın zamanlarda sülh və ya atəşkəs perspektivləri zəif görünür. Münaqişənin taleyi böyük ölçüdə beynəlxalq güc mərkəzlərinin strategiyalarına, regional təhlükəsizlik balansına və hər iki tərəfin daxili siyasi qərarlarına bağlı olacaq”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az