Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirildi. Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirildi.

Təcrübənin və səmimiyyətin vəhdəti - Video

Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirildi.

Son illər ölkəmizdə aqrar sektorda, o cümlədən, meliorasiya və irriqasiya sahəsində aparılan əsaslı islahatlar çərçivəsində reallaşdırılan bu layihənin icrası, Prezident İlham Əliyevin də açılış mərasimində vurğuladığı kimi, bir tərəfdən Azərbaycanın güclü iqtisadi imkanlarını ortaya qoydu, digər tərəfdən isə ölkə vətəndaşlarının daha da yaxşı yaşaması, əhalinin rifah halının gündən-günə yüksəldilməsi istiqamətində dövlətin həyata keçirdiyi ardıcıl siyasətin bir göstəricisi oldu. Şübhəsiz ki, bu layihənin gerçəkləşməsi ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən, aqrar sahənin inkişafına sanballı töhfələr verəcək, aqroparkların, iri fermer təsərrüfatlarının və müasir heyvandarlıq komplekslərinin suvarma suyu ilə təminatında böyük rol oynayacaq.

Aqrar sektorun əsas istiqamətlərindən biri sayılan meliorasiya və su təsərrüfatının inkişaf etdirilməsi istiqamətində dövlət başçısının qarşıya qoyduğu, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu tapşırıq və göstərişlərin vaxtında, dəqiq icra olunmasında, şübhəsiz, sözügedən sahəyə birbaşa məsul qurumun - Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rolunu da qeyd etmək lazımdır. Kənd təsərrüfatının inkişafı baxımından böyük əhəmiyyət daşıyan bu layihələri belə davamlı şəkildə gerçəkləşdirmək, dövlət başçısının etimadını layiqincə doğrultmaq ilk növbədə bu qurumun öz fəaliyyətini nə dərəcədə peşəkarlıqla qurmasından, işə məsuliyyətli münasibətinin səviyyəsindən asılıdır.

Uzun illər müxtəlif rəhbər vəzifələrdə çalışmış Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin açılış mərasimindəki çıxışında toxunduğu bir çox məqamlar onun zəngin təcrübəsindən, ölkəmizin kənd təsərrüfatı potensialını dərindən bilməsindən və məsələlərə peşəkarlıqla yanaşmasından xəbər verir. Son 15 ildə kənd təsərrüfatı sahəsində həyata keçirilən inkişafyönümlü tədbirlərdən, əldə olunan mühüm nəticələrdən, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edən Cəmiyyət sədri çıxışında Azərbaycanın liderliyi ilə regional və beynəlxalq müstəvidə reallaşdırılan layihələrə toxunaraq, dövlət başçısının böyük siyasi iradəsi və təşəbbüskarlığı sayəsində qeyri-neft sektorunun inkişafı istiqamətində ölkəmizin siyasi və iqtisadi gücünü artıran layihələrdən nümunə gətirdi.

Mərasimdə diqqəti cəlb edən əsas məqamlardan biri də Cəmiyyət sədrinin şifahi, protokol təhkiyəsindən uzaq, səmimi çıxışı idi. Biz yüksək vəzifəli şəxsləri rəsmi yığıncaq və müşavirələrdə çıxış edərkən əksərən əvvəlcədən yazılmış mətn və hesabatları üzünə oxuyan görmüşük. Oxuduğu mətndən gözləri bir anlıq yayınan kimi karıxan, fikrinin davamını gətirə bilməyib çaşqınlıq keçirən vəzifə sahibləri də az olmayıb. Buna görə də tamaşaçı - vətəndaş tribunada sərbəst, rahat danışan, fikirlərini aydın dildə, peşəkar səviyyədə izah edən bir məmur görəndə, istər-istəməz ona qulaq kəsilir, dediklərini diqqətlə dinləyir, onun sözlərinə və səmimiyyətinə inanır. Ən əsası da bu, vətəndaşda - tamaşaçıda təkcə həmin məmurun özünə yox, bütünlükdə məmur obrazına qarşı müəyyən mənada, bir rəğbət hissi formalaşdırır. Bu mənada Əhməd Əhmədzadə çıxışı zamanı hazırda icrası davam edən işlərdən danışanda da, gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrlə bağlı məlumat verəndə də tam rahat, rəhbərlik etdiyi sahənin bütün xırdalıqlarına bələd olan təcrübəli məmur təsiri bağışlayırdı. Cəmiyyət sədrinin çıxışındakı səmimiyyət, fikirlərini aydın, hər kəsin anlaya biləcəyi təhkiyə ilə ifadə etməsi, quru, sıxıcı statistik rəqəmləri sadə tonla dilə gətirməsi bir tərəfdən onun çalışdığı sahəyə bütün incəliklərinə qədər bələd olduğunu göstərirdisə, o biri tərəfdən də müsbət təəssürat və rəğbət hissi oyadırdı. Məhz bu baxımdan kənd təsərrüfatını, kəndi, kəndlinin qayğı və problemlərini yaxşı bilən rəhbər bir işçinin Azərbaycanda aqrar sektorun tarixi, bu sahədə əldə olunan inkişaf meylləri, müxtəlif dövrlərdə tətbiq edilən suvarma texnologiyalarının ölkə miqyasında məhsuldarlığın artmasına müsbət təsirləriylə bağlı səsləndirdiyi səlis və dolğun məlumatlar maraqla qarşılandı. Azərbaycanın ta qədimdən suvarma əkinçiliyi tətbiq edilən ölkə olduğunu, XX əsrin əvvəllərində ilk meliorasiya tədbirlərinin məhz ölkəmizdə aparıldığını, lakin buna baxmayaraq, meliorasiya, su təsərrüfatı sahəsində böyük və hərtərəfli inkişaf prosesinin məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə baş verdiyini xatırladan Cəmiyyət sədri indi də bu ənənənin davam etdirildiyini, son 15 ildə çox böyük işlər görüldüyünü vurğulayandan sonra, necə deyərlər, protokol cümlələrindən, rəsmi intonasiyadan imtina edərək aydın və sadə dildə Prezidentə xitabən bildirdi ki: "Mən əvvəllər uzun müddət kənd təsərrüfatı sahəsində işləmişəm. İndi kənddə işləmək çox asandır. Siz kəndlinin torpağını da, suyunu da verirsiniz, başqa infrastrukturu da yaradırsınız, yolunu çəkirsiniz, hər şey edirsiniz, kəndliyə yalnız işləmək qalır. Kəndli də işləyir və nəticələr yüksəlir. Ona görə də Azərbaycanda kənd təsərrüfatı sahəsində dinamik inkişaf heç vaxt dayanmayıb. Bu 15 il ərzində həmişə artım tempi olub".

Bu deyilənlər, sadəcə, bir məmurun kənardan müşahidələrindən doğan gəlişigözəl fikirlər deyildi. Həmin fikirlərin arxasında ömrünün böyük hissəsini gərgin işə həsr eləmiş, böyük əmək vermiş, uzun illərin təcrübəsindən çıxış edən bir məmurun, bir insanın aydın düşüncəsi dayanır. Sözə qüvvət, tərcümeyi-halına müraciət edirik və görürük ki, Əhməd Əhmədzadə 1945-ci ildə anadan olub, əmək fəaliyyətinə 16 yaşından - 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlayıb. O vaxtdan bu günəcən ən müxtəlif vəzifələrdə çalışıb, ayrı-ayrı idarələrin, bir neçə rayonun rəhbəri olub, deputat seçilib. Bu illər ərzində tutduğu vəzifənin tələblərindən irəli gələrək həmişə bilavasitə əhali ilə işləyib, kənd zəhmətkeşləri ilə birbaşa ünsiyyətdə olub. 1993-cü ildən üzü bəri meliorasiya və su təsərrüfatı sahəsində çalışır. Kəndi, kənd təsərrüfatının problem və qayğılarını kitablardan, yazılanlardan yox, praktikada, birbaşa həyatın içində, torpaqda çalışan əliqabarlı insanlarla canlı ünsiyyətdə öyrənib, böyük təcrübə qazanıb. Yəqin həm də elə buna görədir ki, fəaliyyət göstərdiyi sahə ilə bağlı danışarkən fikirlərini məhz bir köynək yaxın olduğu sadə insanların dilində - aydın, anlaşıqlı dillə ifadə edir, görülmüş və görülməkdə olan işlərin mahiyyətini hər kəsin qavraya biləcəyi səviyyədə açıqlamağa çalışırdı.

Cəmiyyət sədrinin çıxışının sonunda səsləndirdiyi xoş ovqatlı fikirlər isə bir başqa cəhətinə görə də yaddaqalan oldu. O, bu mərasimin çox əlamətdar bir dövrə təsadüf etdiyini xatırladaraq bir neçə gün öncə SOCAR-ın Türkiyədə inşa olunmuş "Star" neft emalı zavodunun açılışına toxunaraq bu hadisənin hər kəsi sevindirdiyini dilə gətirdi: "Cənab Prezident, bugünkü açılış çox əlamətdar bir dövrdə keçirilir. İki gün əvvəl Azərbaycan dövlətinin başçısı kimi Siz Türkiyə Respublikasında bu vaxtadək olmayan ən böyük müəssisənin, SOCAR-ın "Star" neft emalı zavodunun açılışında iştirak etmisiniz. Bu müəssisənin Azərbaycanın məhsulunun dünya bazarına çıxarılması üçün qardaş Türkiyə Respublikasında tikilməsi mühüm hadisədir və hamımızı çox sevindirir. Bu layihənin müəllifi də Sizsiniz, təşkilatçısı da. Bu uğur və böyük tədbirin keçirilməsi münasibətilə bütün melioratorlar adından Sizi təbrik edirik".

Fərəh dolu bu fikirlər təkcə yüksək səviyyəli bir məmurun yox, həm də Azərbaycanın hər bir uğuruna sevinən sıravi vətəndaşın ürək sözləri idi. Belə səmimi çıxışları yüksək səviyyəli dovlət məmurlarının dilindən eşitməyin isə bambaşqa effekti, ictimai rəyə tamamilə fərqli təsir gücü var. (525.az)

© AzNews.az