- Göz önü
- 9 Sentyabr 2019 17:18
- 2 578
"Bir millətin inkişafı təhsildən keçir"
Qənirə Paşayeva: Böyütdüyümüz gənc nəsil hər məsələdə bizdən qabaqda olmalıdır
“Çinar Yayımları” nəşriyyatının təşəbbüsü, Respublika Təhsil Şurası, Azərbaycan Uşaq Fondu, Bakı Biznes Universiteti və Türkiyənin Okulistik şirkətinin təşkilatçılığı ilə keçirilən İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çıxış edərək millət vəkili Qənirə Paşayeva məktəbin sütununun ibtidai sinif müəllimləri olduğunu bildirib: "Çünki uşaqlarımız ibtidai təhsillərini hansı baza üzərində alırsa, gələcəkdə də o baza üzərində davam etdirirlər. İbtidai təhsili zəif olan uşaqlar gələcəkdə də təhsillərini davam etdirərkən çətinliklərlə qarşılaşırlar. Ona görə də siz müəllimlər millətimizin gələcəyini yetişdirən insanlarsınız.
Bir millətin inkişafı təhsildən keçir. Özəlliklə 21-ci yüzildə dünya artıq beyinlərin yüzilidir. Bu gün hansı millət təhsilə qiymət verəcəksə, onun sabahı daha da işıqlı olacaq. Ona görə bu gün təhsilin inkişafı bizim üçün olduqca vacibdir. Bunun da təməli ibtidai sinifdə atılır. İbtidai sinif müəllimi bir az da uşaqlara valideyn kimi yanaşır, çünki o yaşda uşaqların təhsilə başlaması heç də asan olmur. İbtidai sinif müəllimi təkcə bilikləri öyrətmir, həm də onların formalaşmasında şəxsiyyət kimi rol oynayır.
Cənab Prezidentin təhsil sahəsində verdiyi sərəncamlar, onun rəhbərliyi ilə aparılan islahatlar təhsilin inkişafında böyük rol oynayır. Ölkəmizin 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına verdiyi dəstək hər zaman öz əhəmiyyəti ilə seçilmişdir. Bu gün müəllimlərimizin maddi şəraitindən tutmuş, əmək haqlarının artırılmasına qədər bir sıra istiqamətlərdə xeyli işlər görülür.
Dövlətimizin iqtisadi inkişafı artdıqca müəllimlərimizin həyat şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət veriləcək. Biz çalışmalıyıq ki, böyütdüyümüz gənc nəsillər hər məsələdə bizdən qabaqda olsunlar. Ona görə də ibtidai sinif müəllimlərinin üzərinə daha çox yük düşür".
Millət vəkili Q.Paşayeva ibtidai sinif müəllimləri başda olmaqla, bütün müəllimləri yeni dərs ilinin başlaması münasibətilə təbrik edib, onlara bu şərəfli işlərində uğurlar diləyib və bu cür tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və bu cür tədbirlərin təhsilin inkişafına müsbət təsir göstərdiyini xüsusi vurğulayıb.
AzNews.az