- Göz önü
- 15 Oktyabr 2019 15:04
- 1 978
Hulusi Kılıç şəhid ailəsini ziyarət etdi - FOTO
Azərbaycanda səfərdə olan keçmiş səfirin ilk işi şəhid ailəsinə baş çəkmək oldu
Türkiyənin Azərbaycandakı keçmiş səfiri, türk diplomat Hulusi Kılıç Azərbaycana gəlib.
Azərbaycanda səfərdə olan keçmiş səfirin ilk işi şəhid ailəsinə baş çəkmək oldu. Belə ki, türk diplomat 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan Fizuli Salahov ailəsini ziyarət edib.
Şabran rayonunun Gəndov kəndinə gedərək, şəhidin anası Sevda və atası Süleyman bəylə ilə görüşüb. Şəhidin ev muzeyini ziyarət edən diplomat bir ölkəni var edən, onu yaşadan şəhidləri olduğunu bildirdi.
Şəhidliyin, vətənpərvərliyin ən ali məqamı olduğunu, bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayıldığını söylədi. Şəhidin ailəsinə səbr diləyən keçmiş diplomat şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrum olduğunu və şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı qanı ilə, canı ilə qazanmayan xalq hər vaxt kölə kimi gözüqıpıq, həyəcan içində yaşamağa məhkum olduğunu dilə gətirdi.
Hulusi Kılıç şəhidin ailə üzvləri ilə süfrə arxasında Fizuli Salahovun xatirələrindən bəhs etdilər. Daha sonra diplomat şəhidin məzarını ziyarət edərək Fizuli Salahovun ailəsinə və valideynlərinə baş sağlığı verib.
Qeyd edək ki, Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı Fizuli Salahova “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal təqdim edilib.
2016-cı ilin aprel döyüşlərində iştirak edib. 13 dekabr 2017-ci ildə cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub.
2018-ci ilin fevralın 23-də ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalla təltif edilib. (Kaspi.az)