Pozitiv tarixçi, Milli Aydın- Lerikdən deputatlığa namizəd Vasif Qafarov

Milli Məclisə keçirilən seçkilərdə 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizəd, tarix elmləri doktoru Vasif Qafarovun kampaniyasını böyük maraq və diqqətlə izləyirəm. Vasif Qafarovun timsalında Azərbaycanın yeni nəsil tarixçiləri arasında pozitiv elmin ən görkəmli nümayəndələrindən birinin parlamentdə təmsil olunmasını həm arzu, həm də təqdir edirəm. Bu da səbəbsiz deyil.

Sizlərin də çox yaxşı bildiyiniz kimi, tarixi şüur, bir millətin keçmişini, mədəni irsini və tarixən formalaşmış dəyərlərini dərk etmək və bu şüurun gələcək nəsillərə ötürülməsi üçün mühüm bir anlayışdır. İnkişaf etməkdə olan ölkələrdə tarixi şüur, milli kimliyin və müstəqilliyin qorunmasında vacib rol oynayır. Parlamentin effektiv fəaliyyəti üçün tarixi şüurun əhəmiyyəti daha da artır. Çünki millət vəkilləri qanunvericilik prosesində tarixi təcrübəni və milli dəyərləri nəzərə alaraq, ölkənin gələcək inkişaf istiqamətlərini müəyyən edirlər.

Vasif Qafarovun tarixi sahədəki dərin bilikləri və tədqiqatları, onun tarixi şüuru qanunvericiliyə daşınmasına və bununla milli maraqların qorunmasına töhfə verməsi üçün böyük potensiala sahib olduğunu göstərir. Bu, xüsusən də Azərbaycanın tarixi keçmişi və gələcəyi arasında balansın qorunması və gələcəyimizin modelləşməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Vasif Qafarov 1982-ci il yanvarın 25-də Lerik rayonunun Cəngəmiran kəndində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının A.A. Bakıxanov adına Tarix İnstitutunda çalışır. V. Qafarovun elmi fəaliyyəti, əsasən, Azərbaycanın XIX-XX əsrin əvvəlləri dövrünün tarixinin araşdırılmasına yönəlib. O, Osmanlı arxiv sənədləri əsasında geniş tədqiqatlar aparıb. Bu mövzularda yazdığı 11 kitab və 80-dən çox elmi məqalə, onu sözügedən dövrün ən nüfuzlu tədqiqatçıları cərgəsinə qoyub.

Qafarovun fəaliyyətləri yalnız elmi dairələrlə məhdudlaşmır. O, həmçinin müxtəlif universitetlərdə müəllim olub, elmi seminarlarda və konfranslarda aktiv iştirak edib. 2014-2015-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu"nda tarixçi-ekspert kimi çalışıb.

Təşviqat kampaniyasının foto və video çəkilişlərindən də göründüyü kimi, seçicilər Vasif Qafarovla görüşlərə böyük maraq göstərirlər. Bu, onun seçki dairəsində və cəmiyyətin müxtəlif təbəqələri arasında geniş ictimai dəstəyə malik olduğunu göstərir. Bu görüşlərdə iştirak edənlərin arasında gənclər, ziyalılar, qadınlar və yaşlılar kimi müxtəlif sosial qrupların təmsilçiləri var. Bu da Vasif Qafarovun olduqca geniş auditoriya üçün cəlbedici namizəd olduğunu sübut edir. Bu görüşlər onun müasir Azərbaycan tarixini və milli kimliyini daha geniş şəkildə təbliğ etməsinə də şərait yaradır.

Azərbaycanın cənub bölgəsinə İran təsirlərinin mövcud olduğu bəllidir. Belə bir şəraitdə milli şüura və milli maraqlara sadiq bir ziyalının parlamentdə təmsil olunması xüsusilə əhəmiyyətlidir. Tarix və beynəlxalq münasibətlər sahəsində dərin bilikləri və təcrübəsi seçicilər arasında onun Azərbaycan xalqının maraqlarını layiqincə təmsil edəcəyinə dair inam yaradır.

Vasif Qafarov seçkilərdə "Uğurlu keçmiş, parlaq gələcək!" şüarı ilə kampaniya aparır. Şüar onun seçki kampaniyasına strateji yanaşmasını əks etdirir.

Bu şüar iki mühüm elementi özündə birləşdirir. "Uğurlu keçmiş" təkcə V. Qafarovun şəxsi bioqrafiyasına işarə etmir. Bu frazada daha çox Azərbaycanın ən yaxın tarixində qazanılan nailiyyətlər ehtiva olunur. Cəmiyyətimizin müsbət təcrübələrinin və nailiyyətlərinin önə çıxarılması Qafarovun gələcəyə yönəlik optimist və strateji baxışı ilə çuğlaşaraq "Parlaq gələcək" inamı aşılayır. Beləliklə, şüar seçicilərə təlqin edir ki, Vasif Qafarov həm keçmişin dərslərini öyrənərək, həm də gələcək üçün möhkəm bir təməl qurmaq üçün sistemli fəaliyyət göstərir.

Taleh ŞAHSUVARLI

AzNews.az analitik-informasiya portalının Baş redaktoru