Mətbuat Şurası: Nəsiman Yaqublu bütün cəmiyyətin rəğbətlə yanaşdığı alim idi

"Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının professoru, dəyərli pedaqoq Nəsiman Yaqublunun vaxtsız vəfatından kədərləndiklərini bildirir, mərhumun ailə üzvlərinə, doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı verir".

Bu barədə Mətbuat Şurasının professor Nəsiman Yaqublu haqqında yaydığı nekroloqda deyilir. Başsağlığı mətnində daha sonra bildirilir:

N.Yaqublu Azərbaycanda jurnalistikanın elmləşməsinə layiqli töhfələr verib. Alimin yaradıcılığında mətbuatımızın ictimai fikrin formalaşmasındakı müstəsna rolu vurğulanıb. Bütün bunların əksini tapdığı çoxsaylı kitablar və məqalələr ona nəinki elm ictimaiyyətində, bütövlükdə cəmiyyətdə rəğbət yaradıb.

Müstəqillik illərində ölkəmizdə peşəkar jurnalist nəslinin yetişməsində xidmətlərə malik N.Yaqublunun yoxluğu onu tanıyan hər kəs üçün böyük itki və üzüntüdür. MŞ İdarə Heyətinin üzvləri bu üzüntü və kədəri bölüşür, mərhumun doğmalarına, əzizlərinə və həmkarlarına səbr diləyir.
Allah rəhmət eləsin!