- Göz önü
- 13 Oktyabr 20:53
- 15 644
“Bu, elmi müzakirə deyil, qarayaxmadır”- Vasif Qafarovdan ona qarşı aparılan kampaniyaya cavab
“Facebook elmi müzakirələr üçün müstəvi deyil. Elmi tədqiqat və nəşrlərə ancaq onları oxuyandan sonra peşəkar akademik fəaliyyətlə məşğul olanlar elmi arqumentlərlə münasibət bildirə bilərlər. Diletant və qərəzli şəkildə sosial şəbəkələrdə hər hansı elmi tədqiqata qara yaxmaq, elm adamlarına və parlament üzvlərinə qarşı aqressiya formalaşdırmaq nəinki alimə, elementar ictimai məsuliyyəti olan heç kimə yaraşan hərəkət deyil”.
Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili, tarixçi alim Vasif Qafarov deyib.
Vasif Qafarov bildirib ki, onun “Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi” adlı kitabı bu ilin iyun ayında elmi ictimaiyyətin müzakirəsinə verilib:
“Üzərindən bir neçə ay keçib. Amma kitabda yer alan sənədlər, faktlar, müddəalarla bağlı heç bir əks arqument ortaya qoyulmayıb. Kiminsə əlində konkret tarixi mənbələrə və faktlara əsaslanan kitabdakı mülahizələrimi təkzib edəcək dəlillər varsa, buyurub elmi məqalə yazsın, nəşr etdirsin, biz də oxuyaq, daha sonra elmi müstəvidə polemika aparaq. Facebook-da mütəxəssislər arasında getməyən polemikada iştirak etməyi bir alim kimi özümə rəva görmürəm”.
Tarixçi onun elmi işi ilə bağlı səslənən ittihamlara belə cavab verib:
“Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi 2022-ci ildə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasında müdafiə etdiyim doktorluq dissertasiyasının bir paraqrafı olub. Bütün digər məsələlərlə yanaşı, bu məsələ ilə bağlı da irəli sürdüyüm elmi müddəaları elmi müstəvidə sübuta yetirmişəm. Dissertasiya Şurasının sədri Kərim Şükürov olub. 24 nəfər Şura üzvü, 4 opponent (2-si Türkiyə alimi) hamısı müsbət səs verib. Əleyhimə bircə nəfər də çıxmayıb. Çünki irəli sürdüyüm bütün elmi müddəaları konkret faktlarla əsaslandırmışam, sübuta yetirmişəm”.
Xatırladaq ki, bu gün Qulu Məhərrəmli Vasif Qafarovu “Cümhuriyyət qurucuları əleyhinə tarixi faktları saxtalaşdıran manipulyativ çıxışlar etməkdə” və “tarixi proseslərə alim vicdanı ilə deyil, sifarişlə yanaşmaqda” ittiham edib.
AzNews.az