- Göz önü
- 4 Noyabr 14:04
- 1 539
Zahid Oruc: Biz İrəvanı Qərbin əlindən almalıyıq
İrəvanı Qərbin əlindən almaq lazımdır.
Bunu Azərbaycan Milli Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc STM-in təşkilatçılığı ilə "Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi lobbiçilik beynəlxalq hüquqa maneədir" mövzusunda kitab təqdimatına həsr edilmiş dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın qələbəsini "cəzalandırmağa" qalxanlar görsələr ki, Ermənistanın baş naziri Nikol Paşinyan Bakıya gəlib düşmənçiliyə son qoymağa razılıq verir, onu ya sərt sanksiyaya, ya da İshaq Rabinin taleyinə məruz qoyacaqlar:
"Ona görə də sanksiya və embarqo planlarını zərərsizləşdirməyin bir yolu qalır - Söhbət ərazini hərbi yolla ələ keçirməkdən getmir, məqsədimiz Bakı və İrəvanın qarşıdurmasına son qoyub qlobal təzyiqlərdən xilas olmaqdır".
Deputat xatırladıb ki, regionda yerləşən digər qonşular, məsələn, İran əleyhinə 1979-cu il islam inqilabından bu yana tətbiq olunan sanksiyalarının sayı 3 min 616-dır. 40 ildən artıq belə ağır iqtisadi, maliyyə, diplomatik və hərbi cəzalar altında yaşamaq İran xalqından fədakarlıq və dözüm tələb edir.
"Rusiya əleyhinə son iki ildə tətbiq olunan sanksiyaların isə ümumi sayı 17 min 636-dır. Onun təkcə 29 faizini, yəni, 5 min 100-dən artığını bir ölkə - ABŞ tətbiq edib. Əsrlərlə qurulan qlobal iqtisadi-ticarət zəncirləri dağıdılır, xalqlararası mədəni-humanitar bağlar məhv edilir, milyonlarla insan bir vaxtlar “xalqlar həbsxanası” adlandırdıqları keçmiş imperiyanın qala divarları arasından çıxmaqdan məhrum olunur. Sanksiya müharibələri Sovetlər Birliyinin mövcud olduğu dövrlə müqayisədə daha dəhşətli dəmir pərdə çəkib. Dünyada heç vaxt indiki qədər parçalanma və qütbləşmə olmayıb. Beynəlxalq təhlükəsizlik sistemi dərin böhran keçirir", - Z.Oruc qeyd edib.
Z.Oruc əlavə edib ki, Azərbaycan bütün tərəfdarları ilə onu beynəlxalq izolyasiyaya məruz qoymağa çalışanlara qarşı səfərbər olunmalıdır:
"Baxın, bütün çıxışlarında dövlət adamlarını öldürməyə, antikonstitusion çevrilişlərə səsləyən adamlar hansı yüksək lojalarda əyləşdirilir. Mühacir terror mediası ilə bir sırada duran daşnaklar İrəvanda zəifləyir, Parisdə isə çiçəklənir, himayədarlarını artırırlar. Qarabağı Ermənistana verməyə hazır olan qüvvələri xaricdən ölkəmizə silah gücünə gətirmək istəyirlər".