Türkiyə Azərbaycana yeni səfir təyin edib - DOSYE

Türkiyə Azərbaycana yeni səfir təyin edib.

Bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.

Məlumata görə, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

O, bundan öncə Türkiyə Maarif Fondunun sədri olub.

AzNews.az saytı yeni səfirin dosyesini təqdim edir:

Politoloq, professor, akademik, tədqiqatçı yazıçı, QHT rəhbəri Birol Akgün hazırda Türkiyədə “Maarif” Fondunun prezidentidir.

O, 25 mart 1968-ci ildə Soma şəhərində (Manisa vilayəti) anadan olub. İbtidai, orta və lisey təhsilini yaşadığı rayonda başa vurduqdan sonra, 1993-cü ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinin dövlət idarəçiliyi ixtisasını bitirib. 1994-cü ildə Milli Təhsil Nazirliyinin tapşırığı ilə rəsmi təqaüdlə magistr təhsili almaq üçün ABŞ-a gedib. Orada Case Vestern Reserve Universitetində (Klivlend, Ohayo) siyasi elmlər üzrə magistr (1996) və PhD (2000) dərəcəsini alıb. Vətən qayıdandan sonra Akgün Selcuk Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin Beynəlxalq Əlaqələr Departamentində işləməyə başlayıb və 2004-ci ildə dosent olub. 2009-cu ildə professor elmi dərəcəsi alıb.

Professor Birol Akgün hazırda Yıldırım Beyazıt Universiteti Siyasi elmlər fakültəsinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri və “Maarif” Vəqfi İdarə Heyətinin sədridir.

B.Akgünün məqalələri bir sıra beynəlxalq resenziyalı jurnallarda dərc olunub.