Marketlər bu manipulyasiya üsulları ilə cəmiyyətdə iqtisadi qeyri-sabitliyə səbəb ola bilir - Asim Vəliyev

“Marketlərdə saxta endirimlər mövzusu cəmiyyətimizdə aktuallığını qoruyan və müştəri hüquqlarının pozulmasına səbəb olan ciddi bir problemdir. Bu kimi halların artması həm istehlakçılarda məyusluq yaradır, həm də ticarət sahəsində etimadı zədələyir. Saxta endirimlər adətən məhsulun əvvəlki qiymətinin süni şəkildə artırılıb daha sonra “endirildi” kimi göstərilməsi ilə həyata keçirilir. Belə taktika psixoloji marketinq üsullarından biri olan "aldatma effekti"nə əsaslanır. Müştərilər endirim olduğunu düşündükləri üçün məhsulu həvəslə alırlar, amma əslində real qiymət dəyərindən daha artıq ödəniş etmiş olurlar. Bu üsul istehlakçı hüquqlarının pozulmasına, iqtisadi məkanda qeyri-etik rəqabətə, cəmiyyətin alış-veriş mədəniyyətinə mənfi təsirə səbəb olur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Qida tədqiqatçısı qeyd edib ki, istehlakçı hüquqlarını qoruyan qanunvericilik, xüsusilə "İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu bu kimi halları qanunsuz hesab edir.

“Lakin praktiki olaraq nəzarət mexanizmlərinin zəifliyi bu cür saxtakarlıqların yayılmasına şərait yaradır. Buna görə tənzimləyici qurumların marketlərdə tez-tez monitorinqlər aparması, yanıldıcı reklamların qarşısını almaq üçün cərimələrin artırılması, istehlakçıların hüquq maarifləndirilməsi proqramlarının genişləndirilməsi vacibdir. Müşahidələr göstərir ki, insanlar endirim və təkliflərə emosional reaksiya verirlər. Bu daha çox almağa və hətta ehtiyacları olmayan məhsullara belə pul xərcləməyə səbəb olur. Marketlərin bu cür manipulyasiya üsulları cəmiyyətdə iqtisadi qeyri-sabitliyə səbəb ola bilir. İstehlakçılar saxta endirimlərin qarşısını almaq üçün daha məlumatlı olmalıdır. Bir məhsulu satın almadan əvvəl bir neçə yerdə qiymətləri yoxlaya, etibar etdiyi marketlərə üstünlük verə, saxta endirim halları ilə bağlı aidiyyəti qurumlara şikayət edə bilərlər. Müasir dövrdə müxtəlif mobil tətbiqlər vasitəsilə qiymətlərin real tarixi araşdırıla bilər. Bu cür rəqəmsal vasitələrdən istifadə etmək saxta endirimlərin aşkarlanmasında mühüm rol oynaya bilər. Həmçinin sosial şəbəkələrdə bu kimi məsələlərin işıqlandırılması cəmiyyətdə maarifləndirmə işinə töhfə verə bilər”.

Rəfiqə NAMAZƏLİYEVA

AzNews.az