- Göz önü
- 6 Dekabr 12:04
- 6 161
Orxan Zeynalov: "Cəbrayıl enerji qovşağının Naxçıvan və Türkiyəyə birləşdirilməsi ssenarisi nəzərdən keçirilir"
Naxçıvanın "yaşıl enerji" konsepsiyası yaxın həftələrdə hazır olacaq.
AzNews.az "Report"a istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov bu gün Bakıda keçirilən “Dayanıqlı Ətraf Mühit: Yaşıl Enerjiyə Keçid” mövzusunda Beynəlxalq Elmi Konfransda bildirib.
“Naxçıvan-Azərbaycan-Türkiyə yaşıl enerji dəhlizi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına start verilib və Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixracı ilə bağlı model hazırlanır. Texniki-iqtisadi əsaslandırmada ikinci variant kimi yalnız Naxçıvan deyil, həm də Cəbrayıl enerji qovşağının Naxçıvana və Türkiyəyə birləşdirilməsi ssenarisi nəzərdən keçirilir”, - deyə O. Zeynalov bildirib.
Nazir müavini əlavə edib ki, yeni enerji layihələri ilə yanaşı, milli şəbəkənin gücləndirilməsi və sabitliyinin təmin edilməsi üçün ciddi addımlar atılır: “2027-ci ilə qədər 2 giqavat bərpaolunan enerji gücü milli elektrik şəbəkəsinə inteqrasiya ediləcək. 2030-cu ilə qədər isə əlavə 7 giqavat güc nəzərdə tutulur ki, bunun 15 giqavatı Avropaya ixrac olunacaq. Həmçinin, 4 giqavat Xəzər-Qara Dəniz Dəhlizi, 1 giqavat isə Naxçıvan-Azərbaycan-Türkiyə yaşıl enerji dəhlizi vasitəsilə ixrac ediləcək”.