- Göz önü
- 12:09
- 759
Bakı Dəmir Yolu Xəstəxanası işçilərinin işlə təmin edilməsi prosesi yekunlaşıb
TƏBİB-in tabeliyinə verilən Bakı Dəmir Yolu Xəstəxanasının işçilərinin tabeli tibb müəssisələrində işlə təmin edilmə prosesi yekunlaşıb.
AzNews.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Səhiyyə İdarəçiləri Zirvəsində çıxışı zamanı deyib.
Bundan başqa işçi məmnunluğunun təmin edilməsi məqsədi ilə Bakı Baş Səhiyyə Mərkəzində çalışan əməkdaşlar yaşayış ünvanlarına yaxın tibb müəssisələrində işlə təmin olunub, yeni yaradılan Ağciyər Xəstəlikləri Mərkəzinin ştat və strukturu formalaşdırılıb.
Qeyd edək ki, 2024-cü avqust ayında Nazirlər Kabineti “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında qərar qəbul edib.
Qərara əsasən, səhmdar cəmiyyətinin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi və Yol Sanitar-Karantin Müfəttişliyi Səhiyyə Nazirliyinin tabeliyinə, Həkim-Sanitar Xidmətinin tibb müəssisələri TƏBİB-in tabeliyinə verilib.
Mərkəzi Dəmiryol Xəstəxanası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib və xəstəxana reabilitasiya mərkəzi kimi fəaliyyət göstərəcək. Eyni zamanda, həmin mərkəzdə hərbi xidmətə çağırışla bağlı tibbi müayinələr keçiriləcək.