Anar Bağırov: Hazırda Azərbaycanda 138 vəkil qurumu fəaliyyət göstərir

Hazırda Azərbaycanda 138 vəkil qurumu fəaliyyət göstərir.

Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Hüquqların müdafiəsindən ədalətə gedən yol" adlı məqaləsində məlumat verib.

Onun sözlərinə görə, 2004-cü il noyabrın 3-də 356 vəkilin iştirakı ilə təsis edilən yeni kollegiyanın üzvlərinin sayı bu gün 2500 nəfərdən çoxdur:

"Bu yeni struktur vəkilliyin funksional və peşəkar təşkilatlanmasında önəmli rol oynayıb. Kollegiya bu illər ərzində yalnız hüquqi yardım göstərən qurum deyil, eyni zamanda insan hüquqlarının qorunması, hüquqi maarifləndirmə və ədalət mühakiməsinin təminatçısı kimi çıxış edib".

A.Bağırov bildirib ki, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının regional vəkil qurumları yaradılıb, müvafiq binalarla təmin edilib:

"Hazırda Gəncə şəhərində Vəkillər Kollegiyası üçün ayrılmış binanın təmiri yekunlaşmaq üzrədir, Lənkəran şəhərində isə torpaq sahəsində müvafiq binanın tikintisinin başlanılması məqsədilə işlər davam etdirilir".