Bu il 400-dən çox məhkuma vəkillər tərəfindən pulsuz hüquqi yardım göstərilib - VK sədri Anar Bağırov

Cari il Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) ilə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq 400-dən çox məhkuma vəkillər tərəfindən pulsuz hüquqi yardım göstərilib. Son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verilir, bu sahədə müəyyən layihələrə imza atılır. Vəkillər Kollegiyası tərəfindən yaradılan “Elektron vəkil orderi” sistemindən bir çox vəkillər istifadə edərək 14 minə yaxın elektron müqavilə bağlanılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov dekabrın 28-də Vəkil Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı söyləyib.

ARVK-nın sədri bildirib ki, bu il Azərbaycan vəkilliyinin 105 illiyi, Kollegiyaya tam müstəqillik verən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun qəbulunun 25 illiyi və yeni Vəkillər Kollegiyasının təsis edilməsinin 20 illiyi qeyd olunur. Ölkəmizdə vəkilliyin tarixindən, inkişafından, getdikcə daha da yüksələn nüfuzundan, son 7 il ərzindəki fəaliyyətindən və görülən işlərdən danışan sədr əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan vəkilliyinin bu gün daha da böyüdüyünü, gücləndiyini, o cümlədən vətəndaşların hüquqi yardıma çatımlılığının tam təmin edildiyini söyləyib.

Qeyd edək ki, dövlət başçısının 2019-cu il dekabrın 25-i tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin Azərbaycanda Vəkil Günü peşə bayramı kimi qeyd edilməsi qərara alınıb.