Anar Bağırov: Fəaliyyətinə xitam verilmiş vəkillər etik davranış qaydalarını kobud şəkildə pozublar

Fəaliyyətinə xitam verilmiş vəkillər peşə vəzifələrini, etik davranış qaydalarını kobud şəkildə pozublar.

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - Vəkil Günü münasibətilə keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Vəkillər Kollegiyası müstəqil peşə birliyi olsa da, vəkillərin yol verdiyi qanun pozuntuları qanunvericiliyə əsasən, Vəkillərin İntizam Komissiyası tərəfindən araşdırılır:

"Bununla bağlı müraciət daxil olduqda intizam icraatı başladılır, komissiya məsələni araşdırır. Əsas olduğu halda vəkil barəsində intizam tədbiri həyata keçirilir. Bura irad tutma, töhmət, müəyyən müddətə fəaliyyətinin dayandırılması və vəkilliyə xitam verilməsi tədbirləri aiddir. Bu il 17 vəkilin fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub. Çünki həmin vəkillər peşə vəzifələrini, etik davranış qaydalarını kobud şəkildə pozmuşdular. Öz peşəsinə xəyanət edən insanlar vəkil kimi fəaliyyət göstərməməlidirlər".

A.Bağırov xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ildən bəri hər il dekabrın 28-i Vəkil Günü kimi qeyd olunur:

"Azərbaycanda vəkillik müstəqil hüquq təsisatı kimi fəaliyyət göstərir. 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə "Vəkil və vəkillik haqqında" qanun qəbul edilib. Azərbaycan postsovet məkanında vəkillik təsisatını müstəqil peşə kimi tanıyan ilk dövlət olub. Vəkillik müstəqil olmasa, səmərəli fəaliyyət göstərə bilməz. Azərbaycan vəkilləri bütün qurumlarda vətəndaşların maraqlarına xidmət edir".

O, bir daha qeyd edib ki, gələn il Vəkillər Kollegiyasının Bakıda inzibati binası fəaliyyətə başlayacaq, eyni zamanda üzvlərin sayı üç min nəfərə çatacaq.

A.Bağırov həmçinin vurğulayıb ki, Türkiyədə vəkilliyə qəbulla bağlı imtahan keçirilmirdi:

"Onlar bizdən nümunə götürərək vəkilliyə qəbulu imtahan əsasında həyata keçirirlər. Azərbaycanın gənc hüquqşünasları bilməlidirlər ki, Vəkillər Kollegiyası onlara hər cür dəstək göstərəcək".