Canlı efirdə deputatın halı pisləşdi - Vəziyyəti necədir?

Real TV-nin canlı yayımında deputat Hikmət Babaoğlunun vəziyyəti qəfildən pisləşib, buna görə də proqram yarımçıq dayandırılıb.

Belə ki, proqramda çıxış edən deputat Hikmət Babaoğlu və DİN mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bir sıra mövzular ətrafında müzakirə aparan zaman deputat Hikmət Babaoğlu aparıcıya müraciət edərək, özünü pis hiss etdiyini və efirdən çıxmaq məcburiyyətində olduğunu bildirib. Bu səbəbdən yayım dayandırılıb.

AzNews. az xəbər verir ki, Modern.az deputatın hazırkı vəziyyətini öyrənmək üçün onunla əlaqə saxlayıb. Hikmət Babaoğlu qeyd edib ki, vəziyyəti efir vaxtı pisləşsə də, hazırda yaxşıdır.

“Efiri dayandırdıqdan bir müddət sonra artıq özümə gəlmişdim. Narahatlıq üçün əsas yoxdur. Bəzən təzyiqim stabil qalmır və ani olaraq düşür. İlk dəfə belə bir hadisə ilə efirdə rastlaşdım. İndi isə yaxşıyam”.
Qeyd edək ki, Hikmət Babaoğlu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür.

AzNews.az