Rüfət Əzizov SDU-dan çıxarıldı, ADNSU-ya rektor təyin olundu - SON DƏQİQƏ

Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

AzNews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Rüfət Əzizov prezidentin digər sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.

Rüfət Əzizovun tərcümeyi-halını təqdim edirik:

Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya Fakültəsinə imtahansız olaraq qəbul olmuş və 2003-cü ildə məzun olmuşdur.

Həmin universitetdə aspirantura təhsilinə davam edərək, 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir və Kimya Elmləri Namizədi (PhD) elmi dərəcəsini almışdır.

2008-ci ildə peşəkar inkişaf proqramını bitirərək, London Materiallar İnstitutunun peşəkar üzvülüyünə qəbul olmuşdur (Chartered Scientist).

2014-2016-cı illərdə ADA/Maastricht Universitetlərinin birgə MBA proqramını və 2018-2020 illərdə isə Oxford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi, Executive MBA proqramını bitirmişdir.

Əlavə olaraq, bir çox kurslarda və təlimlərdə iştirak etmişdir - onlardan Cornell Universiteti Ali İdarəetmə, George Washington Universiteti Layihələrin İdarə olunması və Oxford Universiteti Süni İntellekt Proqramını qeyd etmək olar.

Rüfət Əzizovun iş təcrübəsi biotexnologiya, kimyəvi kataliz, pedaqoqika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir.

2 il (2003-2005) Lomonosov adına MDU-da elmi-işçı vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak etmişdir.

8 il (2005 – 2012) BP şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanmış, material/korroziya mühəndisliyi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrində çalışmışdır.

2008, 2010 və 2011-ci illərdə müxtəlif nominasiyalar üzrə "BP-də İlin Mühəndisi” Mükafatına layiq görülmüşdür.

2012-ci ildən metal istehsalı sahəsində fəaliyyət göstərən Unimetal - Prometal şirkətlər qrupunun icraçı direktoru kimi metal sənayesi layihələrini, istehsal əməliyyatlarını və strateji inkişaf proqramlarını idarə etmişdir.

2019-cu ildə Earnst & Young "İlin İş Adamı” müsabiqəsində Sosial Təsir nominasiyası üzrə qalib olmuşdur.

7 yanvar 2021-ci ildə Emin Əmrullayevin əmri ilə Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Rüfət Əzizov həmçinin Bakı Ali Neft Məktəbinin MBA proqramında (Dizayn Təfəkkürü və Lean Dizayn), Kimya Mühəndisliyi Magistratura proqramında və eləcə də Layihələrin İdarə Olunması Məktəbində (PMI sertifikat) dərs deyib.

Oxford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərib.

"Engineering For Kids” şirkətinin Azərbaycan üzrə təmsilçisi olan STEM Təhsil Mərkəzinin təsisçisidir.

Müxtəlif illərdə təhsil və elmlə bağlı IJSO, ISEF və digər beynəlxalq yarışların juri üzvü qismində iştirak etmişdir.

Ailəlidir. 2 övladı var.

AzNews.az