- Göz önü
- 13:00
- 1 126
Yeni rektor ADNSU-ya təqdim olunub
Elm və Təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeni rektoru Rüfət Əzizovu təhsil müəssisəsinin kollektivinə təqdim edib.
Universitetdən verilən məlumata görə, Elm və Təhsil naziri yeni təyin olunan rektor Rüfət Əzizovun elmi, pedaqoji fəaliyyəti haqqında iştirakçılara məlumat verib.
Emin Əmrullayev R.Əzizovun ADNSU-ya rektor təyin olunması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Nazir bundan əvvəl R.Əzizovun Sumqayıt Dövlət Universitetinin rektoru olduğu qısa müddət ərzində həmin universitetin əldə etdiyi uğurlardan bəhs edərək onun ADNSU-ya rəhbərliyi dövründə istər tədris, istərsə də elm sahəsində ciddi nailiyyətlər əldə olunacağına əminliyini vurğulayıb.
Rektor ilk növbədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ona göstərdiyi böyük ehtimada görə dövlət başıçısına təşəkkürünü bildirib. O, universitetin daha da inkişaf etdirilməsi istiqamətində çalışaraq dövlət başçısının etimadını doğruldacağını vurğulayıb.
Rüfət Əzizovun ADNSU-ya rektor təyinatınadək təhsil müəssisəsinin rektoru səlahiyyətlərini icra edən, hazırda isə fəaliyyətini strateji məsələlər üzrə prorektor qismində davam etdirən dosent Vazeh Əskərov ötən müddət ərzində görülmüş işlərə görə kollektivə təşəkkürünü bildirib.
Qeyd edək ki, fevralın 3-də Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, R.Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilərək, ADNSU-a rəhbər təyin edilib.