Yaqub Mahmudov üçün özəl gün

Fevralın 10-u AMEA-nın müşaviri, akademik Yaqub Mahmudovun doğum günüdür.

Yaqub Mahmudovun 86 yaşı tamam olur.

O, 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Yaqub Mahmudov 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim, dosent, 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyasında (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası) sədr müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyində baş direktor, 1981-2004-cü illərdə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini, dekan və 2004-2021-ci illərdə isə AMEA-nın Tarix İnstitutunda (indiki Tarix və Etnologiya İnstitutu) direktor işləyib.

Görkəmli alim 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. 1000-dən çox elmi əsərin müəllifidir. Diplomatiya tarixi, itirilmiş torpaqlar və soyqırımları tarixi istiqamətləri üzrə elmi məktəblər yaradıb. Onun elmi rəhbərliyi ilə 74 nəfər fəlsəfə və elmlər doktoru yetişib.

O, Qarabağ, Naxçıvan və İrəvan tarixinə dair Dövlət Mükafatına layiq görülmüş fundamental əsərlərin müəlliflərindən biri və naşiridir. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın (2 cilddə) baş redaktoru və Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin üzvüdür. Onun əsərləri indiyədək 15 dilə - türk, ingilis, rus, alman, ərəb, fars, fransız, gürcü, ibri, ispan, italyan, polyak, Ukrayna, urdu və rumın dillərinə tərcümə edilib.

Yaqub Mahmudov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub və YAP‐ın I və III qurultaylarında çıxış edib. II, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. YAP Veteranlar Şurasının üzvüdür.

O, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Dövlət Mükafatı laureatı, Dağıstan Respublikasının Əməkdar elm xadimi və 7 beynəlxalq akademiyanın həqiqi üzvüdür. “Şöhrət” (1999), “Şərəf” (2009), 1-ci dərəcəli “Əmək” (2019) və “Ataman Anton Qolovatıy” (2012) ordenləri ilə təltif olunub. Çoxsaylı mükafatlara, o cümlədən Beynəlxalq Atatürk Mükafatına, “Türk dünyasında ilin adamı” beynəlxalq mükafatına, “Yusif Məmmədəliyev”, “Rəsul Rza” və “Humay” mükafatlarına layiq görülüb.

Ulu öndər Heydər Əliyev görkəmli tarixçinin elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu “böyük alim”, “böyük tarixçi” adlandırıb.

AzNews.az