- Göz önü
- 16:22
- 1 207
Məktəblilər arasında bıçaqlaşmalar. Bu, təhsilin məktəbdən kənarlaşmasının fəsadı deyilmi? - AGMA sədrinin cavabı
![](https://www.aznews.az/storage/2025/02/06/pervine.png)
Bu gün Ucar rayon sakini çoxsaylı kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. Hadisə səhər saat 08:10 radələrində Ucar rayonunun Rəstəcə kənd tam orta məktəbində baş verib. 9-cu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.
Bu xəbərdən də bəlli olduğu kimi, son illər məktəblilər arasında bıçaqlaşma, yaralama, qətl və s. hallar artıb. Görəsən, bu, təhsilin məktəbdən kənarlaşmasının fəsadı deyilmi?”.
“Məktəbdə əsasən təlim-tədris həyata keçirilir, tərbiyə isə ailədə, ictimaiyyətdə və məktəbdə aşılanır. Bununla belə, şagirdlərin davranışına təsir edən amillər yalnız məktəbdə verilən tərbiyə ilə məhdudlaşmır. Qeyd etdiyiniz hallar sosial, psixoloji və ailə mühiti kimi müxtəlif faktorlarla da əlaqəlidir. Sosial medianın təsiri, ailədaxili problemlər, aqressiv mühit və psixoloji dəstəyin kifayət qədər olmaması bu cür hadisələrin əsas səbəblərindəndir”
Bu fikirləri AzNews.az-a açıqlamasında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova deyib.
O qeyd edib ki, məktəb və təhsil sistemi tərbiyəvi funksiyanı daşısa da, bu problemi təkbaşına həll edə bilməz.
“Şagirdlərin psixoloji sağlamlığının qorunması üçün ailə, məktəb və cəmiyyət birgə fəaliyyət göstərməlidir. Təhsilin rolu təkcə bilik ötürmək deyil, həm də sosial bacarıqlar və dəyərlər formalaşdırmaqdır. Bunun üçün psixoloji dəstək mexanizmləri gücləndirilməli, məktəblərdə zorakılığın qarşısını almaq üçün əlavə tədbirlər görülməlidir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az