- Göz önü
- 14:02
- 1 288
Eşqi Bağırovdan vacib açıqlamalar: Birinci sinifə qəbulla bağlı yeniliklər var!
![](https://www.aznews.az/storage/2025/02/12/esqi.jpg)
"Yaxın günlərdə Sumqayıt şəhəri və Abşeron rayonunda üstünlük verilən məktəblərin siyahısı elan ediləcək".
AzNews.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
"Sıxlıq olan ərazilərdəki məktəblərə ora yaxın ərazilərdə yaşayan uşaqların qəbulundan sonra yer qalarsa digər uşaqlar üçün də qəbul elan ediləcək. Valideynlər indidən məktəb seçiminə başlasınlar", - deyə o əlavə edib.
Agentlik sədri, həmçinin bildirib ki, on beş gün ərzində şagirdlərin yerdəyişməsi ilə bağlı proqram təminatı aktivləşdiriləcək.
E. Bağırov açıqlamasında 20 min uşağın icma əsaslı məktəbəqədər təhsil layihəsinə cəlb edildiyini vurğulayıb. O bildirib ki, ucqar regionlarda alternativ modellərin tətbiqi davam edir:
"Bir neçə regionda artıq tərbiyəçi-müəllimlər evlərində məktəbəqədər yaşlı uşaqları məşğələlərə cəlb edib. Bu işlər uğurlar həyata keçirilən ailə tipli məktəbəqədər təlim qrupları çərçivəsində həyata keçirilir".
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinininin məlumata görə, bu il uşaqların I sinifə qəbulu zamanı Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən və sıxlıq müşahidə edilən bir sıra ümumi təhsil müəssisələrinə qəbul zamanı üstünlük hüququ (prioritet) tətbiq olunub.
Bildirilir ki, uşağın ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşaması, uşağın bacı və ya qardaşlarından birinin həmin ümumi təhsil müəssisəsində təhsil alması və uşağın valideynlərindən birinin həmin ümumi təhsil müəssisəsində işləməsi meyyarları nəzərə alınacaq.
Qeyd edilib ki, ötən il üstünlük hüququ tətbiq edilən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edildi. Bu il isə Sumqayıt şəhəri üzrə də prioritet tətbiq edilən ümumi təhsil müəssisələrinin mikroəraziləri ictimaiyyətə elan ediləcək.
Vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 3-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər.
AzNews.az