"Google"-nin tanımadığı AMEA-nın şöbə müdirindən dövlət dilimizə sayğısızlıq. Nərgiz Hacıyeva, əriştə kəsirsiniz?

Azərbaycan dili ilə bağlı ötən həftə gedən müzakirələr və xeyli müddətdir ki, Azərbaycan Respublikasının Dövlət Dilinin adına, müstəqilliyinə, nüfuzuna qarşı aparılan təbliğatla bağlı AzNews.az AMEA Nəsimi adına Dilçilik İnstitutunun "Müasir Azərbaycan dili" şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nərgiz Hacıyevaya suallarla müraciət edib. Nərgiz Hacıyevanın əməkdaşımıza cavabı belə olub:

"Sual çox oldu. Cavab verməyə vaxtım yoxdur. Başqasına müraciət edin. Dövlət dilimizə qarşı kim təbliğat aparır ki? Başa düşmədim."

O zaman biz də Nərgiz Hacıyevaya qısa bir sual ünvanlamağa məcburuq: AMEA Dilçilik İnstitutun şöbə müdirlərinin Azərbaycan Respublikasının Konstitusiyasını müdafiə etməkdən, Azərbaycan dili ilə cəmiyyəti maarifləndirməkdən daha ciddi işləri nədir, hava soyuq və qarlıdır, əriştə kəsirsiniz?

Onu da qeyd edək ki, Nərgiz Hacıyevanın fotosunu sayta yerləşdirmək üçün "Google" tapa bilmədi. Nəticədə AMEA Dilçilik İnstitutunun rəhbərliyinin keçirdiyi bir iclasda çəkilmiş fotodan istifadə etməli olduq. "Google"-nin tanımadığı AMEA-nın şöbə müdirinin "vaxtım yoxdur, başqasına müraciət edin" cavabını isə, həm redaksiyamıza, həm Dövlət dilimizə, həm elmə, həm də "Konstitusiya və suverenlik ili"ndə Ana Yasamıza qarşı böyük sayğısızlıq hesab edirik. Ümumiyyətlə, Azərbaycan dilinə qarşı aparılan təbliğata qarşı AMEA Nəsimi adına Dilçilik İnstitutunun susquluğunu diqqətdə saxlayacağıq.

AzNews.az Nərgiz Hacıyevaya aşağıdakı sualları ünvanlamışdı:

1. Azərbaycan dilinin müstəqilliyi nə deməkdir?

2. Azərbaycan dilinin müstəqilliyi həm də hüquqi hadisədirmi və Konstitusiya başda olmaqla ölkəmizin hüquqi-normativ aktlarında dövlət dili necə qorunur?

3. Azərbaycan dilinin müstəqillik tarixi: Biz bu müstəqilliyə necə nail olmuşuq?

4. Qloballaşma və texnologiyanın sürətli inkişafı Azərbaycan dilinə necə təsir göstərir?

5. Xarici dillərin geniş istifadəsi- məsələn, bu gün “Plaza dili” deyilən fenomen Azərbaycan dilinin məişət və rəsmi sferadakı rolunu necə məhdudlaşdıra bilər?

6. Dilimiz müstəqilliyinə qarşı təhdidlər kütləvi mədəniyyət vasitəsi ilə həm də qardaş Türkiyənin rəsmi dövləti olan Türk dilindən gəlir. Xahiş edirik aydınlaşdırasınız: Azərbaycan dili və Türk dili ayrılıqda müstəqil dillərdir, yoxsa Azərbaycan dili Türkiyədə dövlət dili statusu olan bir dilin ləhcəsidir?

7. Azərbaycan dilinə qarşı potensial təhdidlərin qarşısının alınması üçün dövlət siyasəti hansı prioritetlərə əsaslanmalıdır?

8. Azərbaycan dilinin terminologiya bazasının zənginləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində hansı addımlar atılmalıdır?

9. Azərbaycan dilinin müdafiəsi və təbliği ilə bağlı elmi müəssisələrin, medianın və təhsil müəssisələrinin rolu yetərlidirmi?

10. Azərbaycan dilinin müstəqilliyini qorumaq və inkişaf etdirməyə mükəlləf qurumlardan biri də AMEA Nəsimi adına Dilçilik İnstitudur. Ancaq dövlət dilimizə qarşı açıq təbliğat getdiyi bir zamanda cəmiyyətdəki müzakirələrdə İnstitutun əməkdaşları iştirak etmir, İnstitut ortaya prinsipial elmi-konseptual mövqe qoymaqdan çəkinir. Niyə?

AzNews.az