“Bunu edənlər mənən yoxsul adamlardır”

“Sosial şəbəkələrdə işğaldan azad olunmuş bölgələrdən paylaşılan natəmizlik görüntüləri insanda təəssüf hissi doğurur. Xəzər sahili çimərliklərdə, Qusar, Masallı, Quba, İsmayıllı, Qax və ölkəmizin digər dilbər guşələrinin istirahət məkanlarında rast gəldiyiniz antisanitar vəziyyətin Şuşada, Laçında təkrarlanması çox üzücüdür”. Bu sözləri “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, azad Qarabağda piknik zonalarına, çaykənarı səfalı yerlərə, dağlıq ərazilərə bu cür yanaşma yolverilməzdir:

“Bu ürəkağrıdan mənzərəni yaradanlar mənən yoxsul adamlardır. 5 il bundan öncə Ağdama, Kəlbəcərə, Şuşaya, Laçına getmək 10 milyonluq xalqın xəyalı idi. Müzəffər ordumuz o xəyalı gerçəyə çevirdi. O torpaqlar uğrunda minlərlə əsgərimizin, zabitimizin qanı töküldü. O əraziləri bizə sinidə vermədilər. Qarabağı qan tökərək azad etdik. Xankəndi-Laçın yolunda nəzarət buraxılış məntəqəsi yaratmaq üçün aylarla mübarizə apardıq. Nəhayət istəyimizə nail olduq. Düşmənin əsas qapısını bağladıq. Ötən ilin bu aylarında biz Xankəndinə, Ağdərəyə, Xocalıya, Əsgəran gedə bilmirdik. Qarabağın əsas yolu sayılan Əsgəran yolu da nəzarətimizdə deyildi. Qısa müddətli antiterror əməliyyatı ilə bütün ölkə ərazisində suverenliyimizi bərpa etdik. Bu gün artıq illərlə adı ürəyimizdə qübar bağlamış Xocalıya, Xankəndiyə sərbəst gedə bilirik. İşğaldan azad olunmuş bölgələrə gediş-gəliş asanlaşıb. Artıq hər kəs öz avtomobili ilə azad Qarabağa səfər edə bilər. 30 il həsrətində olduğumuz Qarabağ maneəsiz gedirik, amma köhnə şakərimizdən əl çəkmək istəmirik. Dəfələrlə Qarabağa, Şərqi Zəngəzura səfərlər etmişəm. Hər dəfə o bölgəyə daxil olan kimi insanı ikili hisslər bürüyür. Həm dövlətimizin, ordumuzun uğuruna sevinirsən, həm də kədərlənirsən ki, belə bir cənnət diyarı necə xarabazara çeviriblər və bu torpaqların alınması üçün neçə igidimizun qanı tökülüb. İndi o ərazilərə plastmas butulka, polietilen yemək qabı, meyvə-tərəvəz qalıqları atıldğını görəndə adamın içi parçalanır. Heç olmasa şəhidlərin ruhu naminə bunu etməyək”.
Qarabağ və Şərqi Zəngəzura səfər edən vətəndaşları məsuliyyətli davranmağa, təmizliyə əməl etməyə çağıran Elman Cəfərli aidiyyati qurumları da aktiv fəaliyyətə səsləyib: “Qarabağ və Şərqi Zəngəzurda xüsusi piknik yerləri ayrılmalı, əraziyə davranış qaydaları yazılmış banerlər, lövhələr yerləşdirilməlidir.
İnzibati Xətalar Məcəlləsində küçəni, su hövzələrini, ictimai yerləri zibilləmək, eləcə də ətraf mühitə müxtəlif növ ziyan vurmağa görə, cərimələr nəzərdə tutulur. Mövcud qanunlara görə, meşələri zibilləndirən və çirkab suları ilə çirkləndirən fiziki şəxslər 600-1000 manat, vəzifəli şəxslər 2000-3000 manat, hüquqi şəxslər 6000-8000 manat cərimə edilir. Dəniz, çay, göl və digər su obyektlərini çirkləndirən, zibilləyən, su mühafizə zonaları və sahil mühafizə zolaqları ilə bağlı tələblərə riayət etməyən fiziki şəxslərə 600-1000 manat, vəzifəli şəxslərə 2500-4000, hüquqi şəxslərə isə 7500-10000 manat cərimə nəzərdə tutulur”.
QHT sədri deyib ki, azad Qarabağda piknik yerlərinin məişət tullantılarından təmizlənməsi üçün könüllü aksiyalar təşkil edilməli, səyaət edənlərlə maariləndirici söhbətlər aparılmalıdır: “Yaxşı olar ki, bunu səyahət turunu təşkil edənlər, bələdçilər etsin. Azad olunmuş zonalara səfər edənlərə cərimələrlə bağlı xəbərdarlıq olunmalıdır. Ümumiyyətlə ölkənin bütün ərazilərində ətrafı məişət tullantıları ilə çirkləndirməyə görə cərimələr artırılmalıdır”.

image description