Xüsusi mühafizə olunan təbiət ərazilərində balıq ovu

Sual: Xüsusi mühafizə olunan təbiət ərazilərində idman və həvəskar balıq ovun həyata keçirilməsinə dair hansı hüquqi qaydalar mövcuddur?

Cavab: Xüsusi mühafizə olunan təbiət əraziləri, ekosistemlərin və nadir növlərin qorunması məqsədilə yaradılmış ərazilərdir və onların istifadəsi yüksək səviyyədə tənzimlənir.

Nazirlər Kabinetinin 2 iyun 2017-ci il 243 saylı qərarı ilə təsdiq etdiyi “Balıq və digər su bioresurslarının ovunun Qaydaları”nın 9.1-ci maddəsinə əsasən, xüsusi mühafizə olunan təbiət ərazilərində balıq və digər su bioresurslarının ovlanması yalnız “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Bu qanun, xüsusi mühafizə olunan ərazilərin qorunmasını və onların ekologiyasının mühafizəsini təmin edir. Belə ərazilərdə ov fəaliyyətlərinin icazə verilməsi, ətraf mühitə olan təsirini minimuma endirmək və nadir növlərin nəsil artırılmasını təmin etmək məqsədini güdür. Məsələn, milli parklar və dövlət qoruqları kimi ərazilərdə bu qaydaların tətbiqi nadir bitki və heyvan növlərinin qorunmasına şərait yaradır.

Qanun və qaydaların pozulması inzibati məsuliyyətə səbəb olur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 272.3 maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə tətbiq edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.

Zaman Səmədov, hüquqşünas

QEYD: Hüquq şərh Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi və “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi Tərəfindən həyata keçirilən “Ovçuluq təsərrüfatlarına ictimai nəzarət: sosial-ekoloji layihə” çərçivəsində hazırlanıb.