Dövlət mülkiyyətində olan su obyektlərində idman və həvəskar balıq ovu

Sual: Dövlət mülkiyyətində olan su obyektlərində idman və həvəskar ovun həyata keçirilməsi necə tənzimlənir?

Cavab: Dövlət mülkiyyətində olan su obyektlərinin istifadəsi qanunvericiliklə tənzimlənir, çünki bu obyektlər ölkənin ümumi sərvəti hesab edilir. Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli 243 saylı qərarının 9.2-ci maddəsinə əsasən, dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərinin və ya onların müəyyən hissələrinin idman və həvəskar ov məqsədilə ayrılması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik bu obyektlərin istifadəsi üçün müəyyən şərtlər və qaydalar təyin edir ki, bu da su bioresurslarının davamlı istifadəsini təmin etmək məqsədini güdür. Su obyektlərinin idarə edilməsi və ov fəaliyyətlərinin tənzimlənməsi, su mühitinin və ekosistemlərin qorunması məqsədilə həyata keçirilir.

İnzibati Xətalar Məcəlləsində dövlət mülkiyyətində olan su obyektlərində balıqçılıq qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 272.2 maddəsinə əsasən, balıqçılıq su obyektlərində istismar edilən su təsərrüfatı obyektlərinin balıqqoruyucu qurğularla təchiz edilməməsinə görə fiziki şəxslərə yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslərə iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslərə isə on iki min manatdan on beş min manatadək məbləğdə cərimə tətbiq olunur.

Zaman Səmədov, hüquqşünas

QEYD: Hüquq şərh Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi və “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi Tərəfindən həyata keçirilən “Ovçuluq təsərrüfatlarına ictimai nəzarət: sosial-ekoloji layihə” çərçivəsində hazırlanıb.