Yeni nəsil sahibkarların yetişdirilməsi ilə bağlı layihə yekunlaşdı

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi "Yeni nəsil sahibkarların yetişdirilməsi: biznesin və innovasiyaların idarə edilməsi üzrə təlimlər” layihəsi başa çatıb.

Birliyin sədri Sevinc Fədainin sözlərinə görə, layihənin məqsədi rəqəmsal əsrin tələblərinə uyğun gənc sahibkarlar yetişdirmək, onları bizneslərinə və yerli iqtisadiyyata müsbət töhfə vermək üçün lazım olan bacarıq və biliklərlə gücləndirmək idi.

Qarşıya qoyulan məqsədə çatmaq üçün 3 ay ərzində gənclərin hədəflərinə çatmaqda qətiyyətli olmalarını dəstəkləmək üçün NLP texnikalarına əsaslanan psixoloji təlimlər, biznes bacarıqlarının təkmilləşdirilməsi, komanda idarəetməsi ilə bağlı tətbiqi qabiliyyətlərin formalaşması üçün biznes düşüncə tərzi və yumşaq bacarıqlar təlimləri, sahibkarların iş ideyalarını inandırıcı şəkildə təqdim etmək, müştərilərlə əlaqələrini gücləndirmək, investorları cəlb etmə və problemləri effektiv həll etmək qabiliyyətlərini inkişaf etdirmək üçün nitq və ünsiyyət bacarıqları təlimləri təşkil edilib.

Layihə çərçivəsində gənclər üçün interaktiv oyunlar və komanda çalışmaları da baş tutub. İdeyalar üzərində qurulan bu çalışmalar sayəsində iştirakçılar real iş dünyasına daha hazırlıqlı və inamlı şəkildə addım atma imkanı əldə ediblər. Komanda işləri ilə gənclər arasındakı əməkdaşlıq və qarşılıqlı dəstək gücləndirilib, onların yaradıcılıq potensialı üzə çıxarılıb.

Gələcəyin liderlərini yetişdirmək və onlara davamlı biznes modelləri yaratmağa həvəsləndirmək üçün gənclərə xüsusi mentorluq xidməti təqdim edilib, iştirakçılar uğurlu sahibkar hekayələri və təcrübələri ilə tanış edilib. Sonuncu təlimdə layihəni uğurla başa vuran iştirakçılara sertifikat, təlimçilərə isə təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.