- Üçüncü sektor
- 12 Noyabr 19:33
- 5 517
ADTGT COP29 çərçivəsində silsilə beynəlxalq tədbirlərə başlayır
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvət Nazirliyinin və Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin qaliblərindən olan “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) layihə çərçivəsində silsilə beynəlxalq tədbirlərə start verib.
“İqlim dəyişmələri ilə mübarizə: COP29 üçün qlobal həmrəyliyin təşviqi” layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ADTGT İctimai Birliyi xarici və milli tərəfdaşları ilə birgə qlobal ətraf mühit problemləri, iqlim fəaliyyətləri, onun təsirləri ilə mübarizədə gənclərin fəal iştirakı, təhsil imkanları və davamlı əməkdaşlığa dair müxtəlif beynəlxalq konfranslar, dəyirmi masalar, panel müzakirələri və digər interaktiv tədbirlər təşkil edəcək.
ADTGT İctimai Birliyi tərəfindən 15-22 noyabr 2024-cü il tarixində COP29 Yaşıl Zonada 5 beynəlxalq təşkilatla birgə “Yaşıl şəhərlərə və sahilyanı ərazilərə aparan qlobal yollar: iqlimə davamlılıq və icma ədaləti üçün baxış” və “İqlim dəyişmələri ilə mübarizədə gənclərin fəallığı və təhsil imkanları” adlı beynəlxalq konfranslar nəzərdə tutulur ki, bu tədbirlərdə müxtəlif ölkələrdən ölan QHT rəhbərləri, ekspert və eko-fəalların maraqlı təqdimat, çıxış və məruzələri olacaq.
14 ölkədən olan QHT rəhbərləri, ekspert və eko-fəallar 1 həftə ərzində Azərbaycandan olan həmkarları ilə birlikdə qlobal ətraf mühit, iqlim dəyişikliyi problemləri, onunla mübarizə, eko könüllülüyün genişləndirilməsi, yaşıl dünyanın təşviqi, yaşıl iştirakçılıq sahəsində mübadilə, şəbəkələşmə imkanları, COP29 mirasının təşviqi və Azərbaycanın yaşıl dünya naminə qlobal təşəbbüslərinin dəsətəklənməsi istiqamətdə davamlı fəaliyyətlər üçün çağırışlar edəcəklər.
Tədbirlərin sonunda COP29 mirasının dəstəklənməsi çağırışlı Bakı Bəyannaməsinin qəbulu və “İqlim dəyişmələri ilə mübarizədə fəal yaşıl iştirakçılıq üzrə” Əməkdaşlıq və Tərəfdaşlıq Şəbəkəsinin qurulması və davamlı inkişafı məsələləri də nəzərdə tutulur.