Ermənipərəst QHT-nin ECOSOC statusu ləğv edilməlidir - Cəsarət Hüseynzadə

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Qeyri-Hökumət Təşkilatları (QHT) üzrə Komitəsinin sessiyası çərçivəsində ECOSOC-un məsləhətçi statuslu üzvü olan Christian Solidarity International (CSI) təşkilatının fəaliyyəti ilə bağlı narahatlığını ifadə edərək xüsusi məsələ qaldırıb. Müzakirələrin nəticəsi olaraq, həmin təşkilata konkret suallar ünvanlanıb.

BMT-nin İqtisadi və Sosial Şurasının xüsusi məşvərətçi statuslu üzvü olan “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə QHT-lərə qarşı belə hallarda hansı tədbirlərin görülməli olduğunu AZƏRTAC-a şərh edib.

Ekspert qeyd edib ki, Azərbaycan haqlı olaraq CSI təşkilatının fəaliyyətini gündəmə gətirib və təşkilatın BMT prinsiplərinə və ECOSOC-un tələblərinə uyğunluğu ciddi şəkildə araşdırılmalıdır.

O bildirib ki, Christian Solidarity International təşkilatının 2024-cü il iyulun 9-da və oktyabrın 1-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının tədbirləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü təhrif edən xəritələr nümayiş etdirməsi və ölkənin suveren ərazilərini qeyri-qanuni adlarla təqdim etməsi BMT prinsiplərinə ziddir. Bundan əlavə, həmin tədbirlərə işğal dövründə Azərbaycana qarşı qeyri-qanuni fəaliyyətlərdə iştirak etmiş şəxslərin əsas çıxışçılar kimi dəvət olunması beynəlxalq hüququn normalarının pozulmasına birbaşa şərait yaradır.

ECOSOC-un 1996/31 saylı Qətnaməsinə əsasən, əgər bir təşkilat:

• BMT Nizamnaməsinə zidd fəaliyyət göstərirsə, üzv dövlətlərin suverenliyini və ərazi bütövlüyünü pozursa,

• Siyasi və qərəzli fəaliyyətlərdə iştirak edirsə və ya dövlətlərə qarşı əsassız ittihamlar irəli sürürsə,

• Qeyri-qanuni maliyyələşdirilmə və ya digər cinayətkar fəaliyyətlərlə əlaqələndirilirsə,

• Son üç il ərzində ECOSOC və ya BMT-nin digər strukturlarına heç bir töhfə verməyibsə, bu halda həmin təşkilatın məsləhətçi statusunun dayandırılması və ya tamamilə ləğv edilməsi nəzərdə tutulur. Azərbaycanın ECOSOC-da qaldırdığı bu məsələ beynəlxalq hüququn normalarına əsaslanaraq, CSI təşkilatının fəaliyyətinin obyektiv araşdırılmasını tələb edir.

Cəsarət Hüseynzadə qeyd edib ki, bu cür hallar ECOSOC-un təcrübəsində kifayət qədər mövcuddur. Adətən, məsləhətçi statusun dayandırılması əsasən hesabat verilməməsi ilə bağlı həyata keçirilir. Lakin digər məsələlərlə bağlı da kifayət qədər presedentlər mövcuddur. Məsələn, 2015-ci ildə Azərbaycan ECOSOC-un QHT komitəsində üzvü olduğu dövrdə, BMT 2 Afrika qeyri-hökumət təşkilatının məsləhətçi statusunu ləğv edərək onların BMT ilə əməkdaşlığının qarşısını aldı. Belə nümunələr kifayət qədərdir.

“Bildirmək istəyirəm ki, ECOSOC-un 1996/31 saylı Qətnaməsinin 57(a) maddəsinə əsasən, əgər bir təşkilat BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə zidd olan fəaliyyət həyata keçirirsə, onun məsləhətçi statusu dayandırıla və ya ləğv edilə bilər. Bu müddəa BMT üzv dövlətlərinin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş addımların ECOSOC statusunun itirilməsinə səbəb ola biləcəyini açıq şəkildə göstərir. Bu da BMT Nizamnaməsinin 2-ci maddəsinə əsaslanır. Buna əsasən, əgər bir QHT üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərirsə, onun məsləhətçi statusunun ləğvi tələb oluna bilər”, - deyə C.Hüseynzadə əlavə edib.

Onun sözlərinə görə, CSI təşkilatı özünü insan hüquqları təşkilatı kimi təqdim etsə də, monitorinq nəticəsində məlum olub ki, bu təşkilat əsasən ermənilərin hüquqlarını müdafiə etməyə yönəlib. Eyni zamanda, təşkilatın maliyyələşməsi ilə bağlı heç bir şəffaf məlumat yoxdur, halbuki vətəndaş cəmiyyəti təşkilatlarının maliyyə fəaliyyətləri açıq və şəffaf olmalıdır.

QHT sədri deyib: “Biz bilirik ki, bu təşkilat qeyri-qanuni şəkildə ermənipərəst qüvvələr tərəfindən maliyyələşdirilir. Bundan əlavə, təşkilatın sosial şəbəkə hesablarındakı paylaşımlarının böyük əksəriyyəti Azərbaycan dövlətinə qarşı yönəlib. Təşkilatın idarə heyətinin rəhbəri John Eibner sosial şəbəkələrdə Ruben Vardanyanın təbliğatına aktiv şəkildə dəstək verir. Həmçinin BMT tədbirlərində təşkilatın adından çıxış edənlər arasında Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın da olması təşkilatın müstəqil fəaliyyətini şübhə altına alır”.

Ekspert bildirib ki, təşkilat təkcə Azərbaycana qarşı deyil, eyni zamanda, Afrika ölkələrinin xəritələrində də öz maraqlarına uyğun dəyişikliklər edib. Bütün bu faktlar və ECOSOC-un 1996/31 saylı Qətnaməsi Christian Solidarity International təşkilatının ECOSOC-dakı xüsusi məşvərətçi statusunun ləğv edilməsi üçün əsas yaradır.