- Üçüncü sektor
- 6 Fevral 14:01
- 2 294
ETSN yanında İctimai Şuranın illik fəaliyyətsizliyi: İclas yox, təşəbbüs yox, məsuliyyət yox!
![](https://www.aznews.az/storage/2025/02/06/etsn1.jpg)
“İctimai şuralar cəmiyyətin müxtəlif təbəqələri ilə dövlət qurumları arasında əlaqəni gücləndirən və eyni zamanda vətəndaşların maraqlarını qorumaq və ictimai maraqların təminatına xidmət edən strukturlardır. Artıq ictimai şuralar Azərbaycan cəmiyyətinin mühüm ictimai-siyasi həlqələrindən birinə çevrilmişdir. Onların fəaliyyətinin səmərəli olması ictimai inkişafda və qərarların qəbulunda şəffaflığın artmasında mühüm rol oynayır. Hazırkı mərhələnin əsas məqsədlərindən biri də ictimai şuraların səmərəli və effektiv olmasına nail olmaqdır. Artıq ictimai şuralar cəmiyyətin əsas ictimai-siyasi institutlarından birinə çevrilmiş və cəmiyyət ictimai şuralarla maraqlanmağa başlamışdır. Əlbəttə ki, bu, yetərli qədər oturuşmuş bir qurum hələ tamamilə çevrilməmişdir, amma bununla belə, artıq müəyyən ictimai işə, ictimai maraqların təmin edilməsinə inteqrasiya prosesini dərinləşdirməkdədir”.
Bu açıqlamanın müəllifi DİN yanında İctimai Şuranın sədri, keçmiş millət vəkili və vətəndaş cəmiyyəti sektorunun nüfuzlu nümayəndələrindən olan Əliməmməd Nuriyevdir. Əliməmməd Nuriyev bu günlərdə kütləvi informasiya vasitələrinə verdiyi açıqlamada Azərbaycanda İctimai Şuraların institutsional mövqeyi ilə bağlı bir sıra problemlərə toxunmuşdu. Onun haqlı sözlərini qətiyyən qəribçiliyə salmaq lazım deyil!
Həqiqətən də icra hakimiyyəti orqanları yanında “İctimai iştirakçılıq haqqında” qanuna əsasən formalaşdırılan İctimai Şuraların fəaliyyəti barədə xeyli sayda müsbət nümunələr təqdim etmək mümkündür. Müşahidələr göstərir ki, ölkəmizdə məhz o İctimai Şuralar müsbət təcrübə yaradırlar ki, əvvəla, “lipa” namizədlərdən yox, qeyri-hökumət sektorunda təcrübəsi olan, ictimai təşəbbüskarlığı və kompetensiyası yüksək fəallardan təşkil olunub. Bu fəallar öz üzərlərində ictimai məsuliyyət hiss etdiklərindən istər-istəməz fəaliyyətləri boyu cəmiyyətə hesabat verməli olduğunu da başa düşür, öz funksional işlərini görməyə və topluma faydalı olmağa çalışırlar. Digər tərəfdən, İctimai Şuraların fəaliyyətinin effektivliyində yanında fəaliyyət göstərdiyi qurumun rəhbərliyinin pozitiv yanaşması da son dərəcə əhəmiyyətli rol oynayır. Bu cür qurum rəhbərləri başa düşürlər ki, İctimai Şura üzvləri ilə görüşmək, fikir mübadiləsi aparmaq, ictimai maraqların nəzərə alınmasında onların təkliflərini dinləmək, ictimai rəyin formalaşmasında vətəndaş cəmiyyəti liderlərinin potensialından düzgün istifadə etmək Azərbaycan prezidenti tərəfindən onların qarşısına qoyulmuş tələblərin yerinə yetirilməsi baxımından da aktualdır.
Çox təəssüf ki, bu mütərəqqi yanaşma bu günlərdə vəzifəsindən azad edilmiş Muxtar Babayevin rəhbərlik etdiyi nazirlikdə- Ekologiya və Təbii Sərvətlər Nazirliyində mövcud olmayıb. Baxmayaraq ki, həm nazirliyin aparatında, həm də yanındakı İctimai Şurada ictimai kommunikasiya qurmaq qabiliyyəti yüksək olan kadrlar var. Bəlkə də hər şey ondan başlamışdı ki, ETSN yanında İctimai Şuranın cari tərkibi heç də şəffaflıq, bərabərlik və ayrı seçkiliyə yol verilməzlik prinsipləri əsasında formalaşmamış, hətta müdaxilə o qədər açıq olmuşdu ki, etirazlar mətbuata da çıxmışdı. O zaman ETSN hər şeyin “yüksək səviyyədə” olduğunu iddia edib, vətəndaş cəmiyyəti fəallarının iradlarına məhəl qoymadı. Hətta əks arqumentlər də səsləndi ki, guya sözügedən nazirlik yanındakı İctimai Şura “daha funksional, daha kreativdir”.
Çox pakizə! Gəlin, öncə qanuna nəzər salaq. “İctimai iştirakçılıq haqqında” qanunda bildirilir ki, ictimai şuralar ildə dörd dəfədən az olmayaraq iclas keçirməlidir. Bu tələb qanunun 8.1 bəndində öz əksini tapıb. Başqa bir bənddə (7.3.2) şuranın fəaliyyəti barədə əhalini məlumatlandırmaq vəzifə kimi qarşıya qoyulur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında İctimai Şuranın fəaliyyəti barədə cəmiyyəti məlumatlandırmaq üçün xüsusi bölmə mövcuddur. Həmin bölmədə ötən ilin yanvar ayının 16-da İctimai Şuraya seçkilərin başa çatması barədə məlumat yerləşdirilib. Digər məlumata görə, iki gün sonra nazir İctimai Şura üzvləri ilə görüşüb.
Ceyranlar budur, bəs, ETSN yanında İctimai Şura üzvləri hanı?
Ümumiyyətlə, nazirliyin saytının müvafiq bölməsində sırf funskional fəaliyyəti ilə az çox uyğunluq təşkil edə biləcək cəmi üç xəbər var. Amma bu xəbərlərin heç biri İŞ-nın bilavasitə gördüyü işlərə aid deyil. Biri Ümumdünya Vəhşi Təbiət Günü ilə bağlı fərdi açıqlama, digəri Acınohur düzünə 8 baş ceyran buraxılması mərasimində iştirak (hərçənd yayımlanan fotolarda İŞ üzvləri gözə dəymir), sonuncusu nazirliyin təşkil etdiyi tədbirdə də İŞ üzvlərinin də qatılması barədədir. Sonuncu məlumatın tarixinə diqqət edin- 06 aprel 2024, saat 18.15. Bu isə o deməkdir ki, nazirliyin rəsmi saytına əsasən, ETSN yanındakı İctimai Şura 1 ildən çox müddətdə ancaq bir iclas- o da sədr seçmək üçün keçirib və qalan 13 ay ərzində heç bir iş görməyib.
“İctimai İştirakçılıq haqqında” qanunun 20 maddəsinə görə, bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Lakin inzibati məsuliyyətdən öncə İctimai Şuralar ictimai məsuliyyət daşımalıdır. Odur ki, 1 il ərzində tam səmərəsiz və ölü kimi fəaliyyətsiz olduğu üçün ETSN yanında İctimai Şura buraxılmalı, ekoloji çağırışların gücləndiyi bir zamanda bu ictimai müəssisə fəal, təşəbbüskar və ictimai məsuliyyət daşıyıcısı olan vətəndaş cəmiyyəti nümayəndələrindən formalaşdırılmalıdır.
“Sosial İnformasiya Agentliyi"