- Üçüncü sektor
- 13 Fevral 12:11
- 4 593
Avro-Atlantik Azərbaycanlıları Belçikaya kəskin etiraz etdi

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) Belçikanın yeni koalisiya hökumətinin qəbul etdiyi sənədə qarşı çıxış edərək bəyanat imzalayıb.
Qurumun baş katibi Sahil Qasımovun imzaladığı sənəddə qeyd olunur ki, Belçikanın koalisiya hökuməti qəbul etdiyi sənəddə Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təhrif edərək “Dağlıq Qarabağ” söz birləşməsindən istifadə edib.
“Avro-Atlantik coğrafi məkanında fəaliyyət göstərən transmilli lobbi təşkilatı EAPCA Belçikanın 1 fevral 2025-ci ildə yaranmış koalisiya hökumətinə Azərbaycan Respublikasına və Azərbaycan xalqının haqlarına hörmət etməyə çağırır”.
EAPCA hesab edir ki, koalisiya hökumətinin qəbul etdiyi sənəddə ermənilərin Azərbaycana qayıdış məsələsi qabardılaraq qeyd olunduğu halda Ermənistandan məcbur qovulmuş azərbaycanlıların taleyi haqda heç bir söz getmir.
“Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası Belçikanın yeni yaranmış koalisiya hökumətinə Qərbi Azərbaycanlıların haqlarına hörmət etməyi və bu haqların tanınmasını tələb edir. EAPCA tərəfindən qəbul edilmiş bəyanat Belçikanın baş naziri Bart de Vevere (Bart de Wever), Belçika Federal Parlamentinə və Belçika Senatına göndərilib”, - məlumatda deyilir.
AzNews.az