Valideynlər övladlarının məktəbə aparmaq qayğısından azad ola bilərlər Valideynlər övladlarının məktəbə aparmaq qayğısından azad ola bilərlər
  • Tribuna
  • 18 Sentyabr 2019 17:07
  •  7 576

"Hər bir məktəbin fərdi avtobusları olmalıdır"

Valideynlər övladlarının məktəbə aparmaq qayğısından azad ola bilərlər

Xəbər verdiyimiz kimi bu gün bir çox tanınmış şəxslər məktəblilərin nəqliyyat vasitələrindən ödənişsiz istifadə etməsi ilə bağlı aidiyyəti şəxslərə müraciət ediblər.

Mövzunu Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Musa Qasımlı ilə davam etdirdik.

O, AzNews.az-a açıqlamasında məsələyə belə münasibət bildirdi:

“Məktəblilərin evdən təhsil aldıqları məktəblərə aparılması və geriyə daşınması ilə bağlı dünyanın qabaqcıl ölkələrində qaydaya salınmış bir sistem fəaliyyət göstərir. Bu məktəblilər üçün ayrılan xüsusi avtobuslardır. Təbiidir ki, mənim fikrimcə, hər bir məktəbin özünün fərdi avtobuslarının olması daha yaxşı olardı".

Millət vəkili fərdi avtobusların üstünlüyündən söz açdı:

"Valideynlər bu zaman övladlarını məktəbə aparmaq qayğısından azad olar, yollarda yaranan tıxacın isə qarşısı alınar".

Musa Qasımlı bu məsələni həll etməyin hələlik mümkün olmadığını açıqladı:

"Çünki məktəblərimizin buna maliyyə imkanı yoxdur. Çətinlik elə budur. Nə vaxta qədər ki, məktəblərimizdə şagirdləri daşıyan ayrıca avtobuslar olmayacaq, o zaman da şagirdlərin nəqliyyat məsələsi, məktəblərin ətrafında tıxac problemi daim qalacaq. Yeganə yol məktəbli formasında olan şagirdlərin ictimai nəqliyyat vasitələrində ödənişsiz daşınmasıdır. Bu məsələni isə həll etmək olar. Bundan ötrü hesab edirəm ki, həm Bakı Nəqliyyat Agentliyi və ya özəl şirkətlərlə bizim müvafiq orqanlarımız müəyyən razılaşmaya gələ bilərlər. Bu problemin həlli yenə də valideynləri bir çox qayğılardan azad edə bilər".

Səidə Vahid

AzNews.az