- Tribuna
- 9 İyun 2021 15:28
- 10 277
"Vəkillər Kollegiyası islahatların ən çox həyata keçirildiyi qurumlardan biridir"
Bu cür proaktiv yanaşmasına görə Anar müəllimə təşəkkür edirəm
Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə Sabirabaddan olan şəhid ailələri və qazilər üçün “Pulsuz hüquqi yardım” layihəsi təşkil edilib. Görüşdə 58 qazinin 62 müraciətinə baxılıb, şifahi və yazılı hüquqi məsləhətlər verilib, həmçinin bəzi qazilərin şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunub. Bundan əlavə, pulsuz şəhid ailələri və qazilərin ərizə və şikayətləri nəzarətə götürülüb və icraata qəbul edilib.
AzNews.az E-huquq.az-a istinadən xəbər verir ki, Kamal Cəfərov Milli Məclisin plenar iclasında bu barədə məlumat verib. Deputat göstərilən dəstəyə görə Vəkillər Kollegiyasının sədri Anar Bağırova təşəkkür edib.
"Vəkillər Kollegiyasının sədri Anar müəllim telefon əlaqəsində bildirdi ki, millət vəkillərinin şəhid ailələri və qazilərlə bağlı istənilən müraciətinə müsbət cavab veriləcək. Bu cür proaktiv yanaşmasına görə Anar müəllimə təşəkkür edirəm. Bu bir daha göstərdi ki, Vəkillər Kollegiyası ölkəmizdə islahatların ən çox həyata keçirildiyi qurumlardan biridir. Buradan bir daha Şahmar Məmmədova, o cümlədən Fuad Şirinova, Araz Həsənova, Faiq Dünyamalıyeva, Pərviz Musayevə və Mehman İsmayılova xüsusi təşəkkür edirəm", - deyə K.Cəfərov qeyd edib.