Qədim Azərbaycan torpağı olan İrəvan milli-ictimai fikir tariximizdə özünə məxsus yer tutur Qədim Azərbaycan torpağı olan İrəvan milli-ictimai fikir tariximizdə özünə məxsus yer tutur
  • Tribuna
  • 20 Dekabr 2021 16:54
  •  25 882

İrəvan seminariyası və gimnaziyasının 140 ili tamam olur

Qədim Azərbaycan torpağı olan İrəvan milli-ictimai fikir tariximizdə özünə məxsus yer tutur

Uzun zaman İran və Türkiyənin şimalda xüsusi önəm verdikləri vacib sosial-iqtisadi və mədəni-maarif mərkəzlərindən biri, eləcə də xanlıqlar dövründə cənub-şimal ticarət qovşağı olmaqla müstəsna əhəmiyyət kəsb etmişdir. Çar Rusiyasının işğalınadək müsəlman milli maarifçiliyinin aparıcı elmi və təhsil mərkəzlərindən olan İrəvan işağldan sonra bütün potensialını bir tərəfdən işğalın dağıdıcı təsirini aradan qaldırmğa, digər tərəfdən də yeni rusdilli təhsil sayəsində Rusiya və Avopa mədəniyyətinə qovuşmağa səfərbər olaraq tarixi transformasiyanın aparıcı geosiyasi mərkəzinə çevrilməklə Rusiya İmperiyasının cənubunda öz əhəmiyyətini qorumuşdur. Qafqazın aparıcı şəhərlərində məscid və mədrəsələrin nəzdində fəaliyyət göstərən yeni üsullu məktəblər artıq rusdilli təhsilə uyğunlaşmaqla regionun mədəni-maarifçi simasını müəyyən edirdi. Həm İran, Türkiyə, Rusiya üçgənində vacib geosiyasi əhəmiyyətinə, həm də işğalədək və işğaldan sonrakı dini-maarifçi potensialı baxımından xalqımız üçün çox əhəmiyyətli diyar olaraq İrəvanın Vətən tarixində müstəsna rolu vardır.

1832-ci ilin əvvəlində açılmış İrəvan qəza məktəbi, 1869-cu ildə progimnaziya, 1881-ci ildən isə 5 sinifli gimnaziya olaraq fəaliyyət göstərmişdir. 8 noyabr 1881-ci ildən isə İrəvan Müəllimlər Seminariyasının fəaliyyətə başlaması ilə şəhərin yeni tipli ictimai-pedaqoji mühitinin formalaşması prosesi başlanmışdır. Fəaliyyət göstərdikləri müddətdə seminariyanı 300-dək, o biri təhsil müəssisələrini isə 500-dək müəllim və şagird bitirmişdir. Seminariyanın məzunları nəinkli İrəvanıın, eləcə də Tiflis daxil bütün Qafqazda yeni maarifçilik hərəkatının yayılmasında, Rusiya və Avropanın aparıcı ali məktəblərində təhsil alaraq ictimai-humanitar düşüncəsinin formalaşmasında önəmli xidmətlər göstərmişlər.

Qori seminariyasının azərbaycan şöbəsinin açılması ziyalı təbəqəsinin zəifliyi ucbatından üç il yubansa da İrəvan ziyalıları Seminarya açılan kimi onu formalaşdırmışlar. Qoridə rus-tatar şöbəsinə uzun zaman əslən Şamaxılı rus olan A.O. Çernyayaveski rəhbərlik etsə də, müəllim kimi orada Qafqaz şeyxislamı və müftisi təhsilə cəlb edilsə də İrəvanda şöbənin rəhbəri şəhərin nüfuzlu elitar ziyalılarından olan Axund Molla Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qasızadə olmuş, həm də ana dili müəllimliyini də üzərinə götürmüşdür. Onun yaxın qohumu o vaxtlar Quberniya dini və qanunvericilik Məclisinin sədri Molla Məhəmmədbağır ağa Qazızadə şəhərin dini məclisinin üzvləri, qəza qaziləri ilə birlikdə seminariyanın tədris həyatında və inkişafında yaxından iştirak etmişlər. Sovet tarixçiliyi güya müsəlman dini maarifçiliyinin hər cür xurafat yuvası olması haqqında yaratdığı mifin İrəvan dini maarifçi ziyalılarının simasında yalan olduğunu görürük. Sonralar dövrünün görkəmli ziyalıları Rəşid və Həmid bəy Şahtaxtinskilər, Abbas Razi Məmmədzadə, onun oğlu Mirzə Cabbar Məmmədzadə, İbrahim və İbadulla bəy Muğanlisnkilər, Məmmədvəli Qəmərlinski, Rəhim Xəlilov, eləcə də Qori Seminariyası və İrəvan gimnaziyasının bir çox məzunları seminariyanın müəllimləri olaraq İrəvan ziyalılarının ilkin pleyadasını təşkil etmişlər. Yeni tipli İrəvan pedaqoji-mənəvi mühitinin formalaşmasında şəhərin elitar ziyalıları, din xadimləri və mesenatları da yaxından iştirak etmişlər. Onlardan İrəvan quberniya Məclisinin sədri Axund Mollaxəlil Kərim oğlu Qazızadə şəhər dumasının üzvü Hacı Mirabbas ağa Mirbabayev, quberniya dini məclisinin üzvləri Məmməd bəy Axundov, Molla Abbasqulu Sultanhüseynbəyov, Lütfəli bəy Qazıyev, Əli Əfəndi Süleymanzadə, qəza qaziləri Axund Hacı Molla Saleh Mohsunzadə (Naxçıvan), Axund şeyx Mehdi Qazızadə (Ücmüədzin), Axund Molla Qurban Cənnətzadə (Novo Bayazid-Göyçə), Axund Hacı Molla İsmayıl Nadirzadə (Şəm-Dərələyəz), Axund Mehdi Məhəmməzadə (Orudbad), eləcə də tanınmış vəkil Məmmədqulu bəy Kəngərlinski, Kərim bəy Münşiyev, İsmayıl bəy Bağırbəyov, Hüseyn bəy Məcnunbəyov, Mirməhəmməd Mirfətullayev, Məhəmmədtağı Sidqi, oğlu Məhəmmədəli Sidqi-Səfərov, Hüseyn Mirzə Xəlil Salehzadə, Əsgər Hüseynzadə, Böyük Xan Naxçıvanski, Cəlil Məmmədquluzadə, Mirzə Sadıx Mirzə Kazım oğlu Qulubəyov (akad. İsa Həbibbəyliyə görə, o həm də Naxçıvan teatrının yaradıcılarından biridir), Molla Mirzə İsmayıl Axund Mirzə Sadıx oğlu, inqus əsilli ziyalı Maomet Kotiyev (sonralar Türkiyədə “Yeni Qafqaz” jurnalının nasiri olmuş, orada Mehmet Ketey kimi tanınmışdır), Həsən bəy Nəzərbəyov, Mirzə Əli Xəlilov, Tağı bəy Şəfiyev, Salah bəy Zöhrabbəyov (F.B. Köçərli ilə “Təlimati-lisani-türki” adlı dərs vəsaitinin müəllifidir) və b. ilə birlikdə çalışaraq vahid İrəvan-Naxçıvan ictimai-pedaqoji mühitinin formalaşmasının əsasını qoymuşlar. Mövcud ziyalı təbəqəsinin tam olmayan siyahısını uzun-uzadı verməkdə məqsədimiz müasir gəncliyə o dövr milli-dini maarifçiliyimizin zəngin inkişafı haqqında azda olsa məlumat verməkdir. Dövrün aparıcı mətbuatının, “Əkinçi”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Tuti”, “Zənbur”, “Leylək”, “İqbal”, “İrşad”, “Babayi-Əmir”, “Kaspi”, “Kəşkül”, “Həyat”, “Tərcüman” və s. mətbu vasitələrin İrəvanda yayılmasında onların böyük rolu olmuşdur.

İrəvan qəza məktəbi, gimnaziyası, nəhayət, İrəvan Müəllimlər Seminariyası həm də ölkəmizin bütün regionlarında mədəni-maarifçilik fəaliyyəti ilə məşğul olmuş, ana dilində dərsliklərin ilk təşəbbüsçülərindən olaraq, mətbuatda rus və Azərbaycan dillərində həm əbədi-bədii, həm də ictimai-maarifçi məqalələri çıxış etmiş, Qərbi Azərbaycan ziyalıları kimi Azərbaycanda həm ictimai-pedaqoji hərəkatın, həm də onun simasında müsəlman dini kimliyindən etnik kimliyə, son nəticədə isə milli müqəddəratı təyinetmə prosesinin layiqli xələfləri və sələfləri olmuşlar.
Bu il qəza məktəbinin 190, seminariya və gimnaziyanın isə 140 illiyi tamam olur. Bu dövr ərzində Çar və Sovet Rusiyasının İrəvan Xanlığının bazasında yaratdıqları İrəvan quberniyası, sonralar da Ermənistan SSR və Ermənistan Respublikası daim dağıdıcılıqla məşğul olmuş, bu ərazilərin müsəlman türk simasının itirilməsi üçün hər cür vandallığa əl atmışlar. Həmin təhsil müəssisələrinin yubileylərinin keçirilməsi həm xalqımızın keçmiş ictimai, mədəni, maarifçi irsinə ehtiram olardı, həm də 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində qəhraman ordumuzun erməni qəsbkarlığına dur deməsi ilə yeni-yaranmış siyasi tarixi situasiyaya dəstək olardı.

İndi əsas vəzifə Ermənistan Respublikasının həmin ərazilərdə bizim tarixi kimliyimizi silmək üçün apardığı siyasətə İrəvan məktəblərinin yubileylərini keçirməklə bir daha layiqli cavab vermək olardı.

Həm ictimai-siyasi, həm də milli-maarifçilik baxımından İrəvan ziyalılarının o zaman ölkəmizin müstəqilliyi və inkişafına göstərdikləri xidmətlərin qiymətləndirilməsi baxımından da bu məktəblərin yubileylərinin dövlət səviyyəsində geniş qeyd edilməsi həm də beynəlxalq siyasi və milli-mədəni əhəmiyyətə malikdir.

Həsən Bayramov
Bakı Dövlət Universitetinin professoru,
Pedaqogika elmlər doktoru,
Rusiya Sosial və Pedaqoji Elmlər Akademiyasının akademiki