DİM-in elmin qarşısına çəkdiyi ingilis dili baryeri - Dos. İlham Əhmədov yazır

“Yaşı 25-dən yuxarı olanların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür. Mən faktı deyirəm.” E.Əmrullayev

Mətbuatdan məlum olduğu kimi, doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının yazı blokuna qoyulan tələblər açıqlanıb.

DİM -dən bildirilib ki, xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı vermək istəyən namizəd (doktoranturaya qəbul olmaq istəyən şəxslər) və iddiaçılar (artıq doktoranturaya qəbul olmuş şəxslər) xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatını, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin bütün növləri üzrə kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq vərdişləri əhatə olunmaqla nümayiş etdirməlidirlər.

Yazı bloku üzrə tapşırıq nümunəsi imtahanın istiqamətindən asılı olaraq dəyişir. Belə ki, xarici dil üzrə qəbul imtahanı üçün qeydiyyatdan keçmiş namizədlərdən esse (fikir bildirmə, mühakimə xarakterli və s.) yazmaq tələb olunur.

Esse yazarkən namizədlərə qoyulan tələblər var. Belə ki, esse seçilmiş xarici dildə olub verilmiş mövzuya uyğun işlənmə, tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli, həcmi 200-250 söz olmalı, tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli, publisistik üslubda olmalı, essenin mövzusu dolğun şəkildə şərh edilib, əhatə olunmalı, neytrallıq qorunmaqla mövzu ilə bağlı müstəqil fikir yürüdülməli, fikirlərin əsaslandırılması üçün müxtəlif sübutedici mənbələrdən yerli-yerində istifadə edilməli və akademik yazı qaydalarına əməl edilməlidir.

Hesab edirik ki, ETN (ARTİ) və DİM-in hazırladığı xarici dil üzrə doktorantura imtahanı Azərbaycan təhsilinin indiki durumuna heç cür uyğun deyil.

Heç ixtisası xarici dillər olan məzunların çoxu bu tələblərlə doktoranturaya xarici dildən imtahan verə bilməzlər.
Nazirin yuxarıdakı sitatdakı fikir (söylədiyi fakt) göstərir ki, magistr məzunlarının əksəriyyəti bu tələblərlə hətta öz ana dilində bu imtahanı verə bilməzlər, nəinki əcnəbi dildə.

Deməli ETN-nin yetişdirdiyi insan kapitalı təhsil standartlarina heç cür cavab vermir. Bunu ETN bildiyi halda niyə çox qəliz şərtlərlə doktorantlardan imtahan götürmək istəyir?

Onsuz da doktoranturaya gələnlər çox azdır, hamı bu işin çox çətin və proseslərin bahalı olduğunu, alimin maaşının isə cüzi olduğunu yaxşı bilir. Bu şəraitdə kim alim olmaq istəyər ki? Az sayda bu xülyaya düşənlər olacaq, onların da belə süni maneələrlə yollarının kəsilməsi nəyə xidmət edir?
Öyrədəndə qramla, imtahan götürəndə tonla hesablaşma nə deməkdir? Hər sahədə olduğu kimi, burda da balans olmalıdır.

Real olaraq nə öyrədə bilirsənsə, onu da imtahan edə bilərsən.

Universitet məzunlarının zəif olmasını artıq 25 ildir magistraturaya və dövlət qulluğuna qəbul imtahanlarının, son 15 ildə MİQ-in, son 3 ildə də isə sertifikasiya imtahanlarının nəticələri sübut edir.
150-200 balla universitetə qəbul edilən məktəb məzunları heç vaxt universitetdə təhsil standartlarını tam mənimsəyə bilməzlər, nəinki belə yeni şərtlərlə xarici dildən doktorantura imtahanı versinlər.

Bu gün universitetlərimizdə təhsilinin səviyyəsi o həddədir ki, məzunlar nəinki xarici dildə, yuxarıda qeyd etdiyimiz kimi heç ana dilində də bu tələblər səviyyəsində doktorantura imtahanı verə bilməzlər.

Doktorantlar gərək 3 il ancaq xarici dil imtahanına hazırlaşsınlar, bəs dissertasiyasını nə vaxt yazacaqlar?
Digər tərəfdən texnologiyanın indiki inkişaf səviyyəsində xarici dili belə yüksək tələblər səviyyəsində bilməyə ehtiyac da yoxdur.

İndi tərcümə proqramları istənilən dillərdən istənilən mətni kifayət qədər anlaşılan səviyyədə tərcümə edir və bu sistem ay-bay təkmilləşir. Süni intellektin bu sahədə imkanları daim artır. Belə vəziyyətdə doktorantlar tərcümə proqramları ilə istənilən dildə xarici ədiyyatla tanış ola biləcək, yazdıqları məqalələri digər dillərə tərcümə edəcəklər. Bu səbəblərdən xarici dil imtahanı ilə əlaqəli belə ağır şərtlər qoyulması nəyə xidmət edir?

Doktorantların xarici dildən verməli olduğu imtahan bizim magistratura diplomlu məzunların əksəriyyəti üçün keçilməz bir səddir.

Bu reallığı ETN də çox yaxşı bilir.

Bəs niyə doktoranlar üçün bizim reallığa heç cür uyğun olmayan belə yüksək tələblər qoyulub? Məqsəd nədir?
Hesab edirik ki, əsas məqsəd gənclərin elmə gəlişinin qarşısını almaqdır.

Bu mərhələni çətinliklə keçən doktorant sonrakı mərhələlərdə- doktorantura təhsili mərhələsində, xaricdə məqalə çapında dissertasiya yazılmasında, müdafiənin təşkilində, işin AAK-da baxılmasında v.s. mərhələlərdə ciddi problemlərlə qarşılaşır.

Ölkə üzrə doktorantlarından təhsil müddətində bütün imtahanları vaxtında verən, xarici jurnallarda məqalə dərc etdirən, vaxtında dissertasiyanı yazan, müzakirə etdirən, işini müdafiə edən neçə faizdir görəsən? ETN bunu bilirmi?

Belə doktorantların sayı 1 %-dir.

Bu məqaləni yazarkən, bu gün təhsildə yüksək vəzifə tutan məmurlardan birinin belə bir fikri yadıma düşdü: "Bu gün ingilis dilini bilməyənlər, elm və təhsil haqqında danışmaslnlar ". Amma son 11 ilin təcrübəsi də göstərdi ki, elm və təhsil haqqında çox səthi biliklərə sahib olub, yalnız ingilis dilini bilməklə də bu sahədə heç nə etmək mümkün deyil. Bunu doktoranturaya xarici dil üzrə hazırlanmış yeni imtahanı proqramı bir daha sübut etdi.

Paralel.az