• Tribuna
  • 12 Sentyabr 23:22
  •  3 823

Azərbaycan və İtaliya: etibarlı tərəfdaşlıq üçün gözəl nümunə

Bu gün beynəlxalq münasibətlər sistemində Azərbaycan və İtaliya etibarlı və işgüzar tərəfdaşlıq əlaqələrinə sahib nümunəvi ölkələr kimi tanınır. Hələ 1991-ci ildən, müstəqillik qazandığımız ilk illərdən bizimlə səmimi ünsiyyət və əlaqə yaradan ölkələrdən biri də İtaliyadır. Əməkdaşlıq tariximizə nəzər yetirdikdə bu faktın aydın şahidi oluruq. Bu münasibətlər Avropa ilə Şərq arasındakı iqtisadi tərəfdaşlıq və siyasi dialoq üçün də müstəsna əhəmiyyətə malikdir.

Əlaqələrin dinamik inkişafından bəhs edərkən cari ilin sentyabr ayıının 4-də Prezident cənab İlham Əliyevin İtaliya Respublikasına növbəti rəsmi səfərini qeyd etmək yerinə düşər. Bu rəsmi səfər ölkələr arasındakı inkişaf prespektivləri prizmasından çox əhəmiyyətli olmasını və Avropada mühüm strateji coğrafi və iqtisadi əhəmiyyətə malik olan İtaliya Respublikası ilə Azərbaycan arasında çox sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunun bir daha təsdiq etdi. Səfər çərçivəsində sentyabrın 5-də İtaliya Prezidenti Sercio Mattarella, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, bir sıra rəsmi şəxslərə görüş və imzalanan sənədlər əlaqələrin inkişafında yüksək templə davam etməsinin əyani sübutudur.

Gəlin münasibətlərimizin yaxın tarixinə qısaca nəzər salaq. Əlbəttdə Azərbaycan-İtaliya dostluğunun və işgüzar əlaqələrinin dinamik inkişafı müəyyən mərhələdən keçmişdir. Belə ki, İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri əlaqələrimizin inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşıb. Beləcə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başlayıb. Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi, həmçinin cənab İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda iştirakı və çıxışı, eləcə də bu ilin iyununda İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi və digər faktlar iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsinin bariz nümunəsidir.Son səfəri zamanı Prezident İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında əsaslı şəkildə iki ölkənin strateji tərəfdaşlığını diqqətə çatdırıb. Bildirib ki, səfər zamanı keçirilən görüşlər və müzakirələr bir daha ikitərəfli münasibətlərimizin strateji xarakterini təsdiq edir. Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq Bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Əməkdaşlığımız bir çox sahəni əhatə edir.
Digər bir baxımdan unutmayaq ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Belə ki,İtaliyanın bir nömrəli neft təchizatçısı məhz Azərbaycandır. Təkcə keçən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar həddində olub və bu rəqəm özü də çox şeydən xəbər verir. İlk növbədə ondan xəbər verir ki, ticarət dövriyyəsində artım var. Məsələn, son illərin statistik göstəricilərini müqaisə etdikdə görürük ki, ölkələr arasında ticarət dövriyyəsi son 4 ildə 3,4 dəfə artıb. Onu da unutmaq lazım deyil ki, Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Qaz Boru Xəttinin çıxış nöqtəsi məhz İtaliyadır. Azərbaycanın ən böyük qaz ixrac sisteminin həmin xətt olduğunu da nəzərdən qaçırmamalıyıq. Elə bunu nəzərə aldıqda, məhz ötən il Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxunun elə İtaliyanın payına düşməsi də göründüyü kimi, səbəbsiz sayılmır.

Ötən il ərzində təxminən 5 milyard avroya yaxın dəyərində 10 milyard kubmetrə yaxın həcmdə İtaliyaya qaz ixrac olunub və xatırladaq ki, İtaliya Azərbaycan qazının nəqlinə 2020-ci il dekabrın 31-dən başlayıb. Deməli, ən qısa zamanda belə bir geniş həcmdə qaz nəqlinə nail olunub. Yəni çox böyük artım müşahidə olunub. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanla iqtisidi tərəfdaşlığa İtaliya tərəfi böyük maraq göstərir. Onu da nəzərə çatdıraq ki, gözləntilər daha da böyükdür və 2025-ci ildən münasibətlərin daha da gemişlənəcəyi, tərəfdaşlığın daha da artacağı gözlənilir. Bunun üçün sözün əsl mənasında əsaslı zəmin də var. Məsələn, ekspertlər belə hesab edilər ki, Ukrayna öz ərazisindən Rusiya qazının nəqlini 2025-ci il 1 yanvar tarixindən etibarən tam dayandıracağını bəyan edirsə, deməli, qış aylarında İtaliyanın təbii qaza ehtiyacə daha da artacaq. Sözsüz ki, nəticədə də dostluq münasibətləri fonunda Azərbaycan İtaliyaya zəruri qaz təchizatı üçün kifayət qədər həmin ölkəni təmin edəcək. Deməli, bu ortada olan statistik göstərici ən yaxın zamanda əhəmiyyətli dərəcədə artacaq. Hər kəsə məlumdur ki, bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda Azərbaycandan qaz alan 10 ölkənin 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ÜmumAvropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Bu isə o deməkdir ki, qoca qitənin enerji təhlükəsizliyi həm də Şərqin inkişaf etmiş ölkəsi sayılan Azərbaycandan asılıdır.

Bir sıra analitiklərin də qeyd etdikləri kimi, Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri, səfər zamanı əldə edilən razılaşmalar və imzalanan sənədlər ölkəmizin xarici siyasətində növbəti uğur kimi yaddaşlarda qalacaq. Beləcə, Azərbaycan-İtaliya münasibətlərinin bütün sahələr üzrə yüksələn xətlə inkişaf etməsi artıq gözlənti deyil, tarixi reallıqdır.

Həbib Misirov,

YAP Kəlbəcər rayon təşkilatının sədri