• Tribuna
  • 13 Sentyabr 15:28
  •  4 001

Vüqar İskəndərov: "Antiterror əməliyyatı Ermənistanın bütün revanşist meyllərinə son qoydu"

“Vətən mühibəsindən sonra həyata keçirilən antiterror əməliyyatı Ermənistanın bütün revanşist meyllərinə son qoydu. Bu əməliyyat bir daha bütün dünyaya göstərdi ki, biz öz doğma torpaqlarımızın bir qarışını belə kimlərəsə qurban vermərik. Tarixi torpaqlarımıza dönüş mənfur düşmənlərimizin bütün planlarını pozdu”.

Bunu AzNews.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır. Biz bütün addımlarımızda sülh prosesini dəstəkləyirdik. Lakin Ermənistan rəhbərləri hələ də torpaq hərisliyindən əl çəkmək niyyətində deyildi. Bu baxımdan aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı. Görünən o idi ki, Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, radioelektron mübarizə vasitələri, yerləşdirilmişdi. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular mövcud idi. Bizim aniterror əməliyyatı həyata keçirməyə kifayət qədər səbəblərimiz var idi. Üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Buna görə də 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətməsinin cavabı verildi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Bu qələbəmiz isə hərb tariximizdə növbəti zəfər səhifəsi açdı. Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı”.