• Tribuna
  • 18 Sentyabr 23:49
  •  3 247

Bir gündə başı əzilən erməni separatizmi!

Ötən ilin sentyabrında Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq daha bir zəfər günü yaşandı. 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu. Bir sutkadan daha az bir zaman kəsiyində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin ağ bayraq qaldırıb silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olunmaları milli dövlətçilik tariximizdə yeni qəhrəmanlıq salnaməsidir.

Gəlin o tarixi günlərə qısaca nəzər salaq. Baş nazir Nikol Paşinyanın o zaman Xankəndidə yuva salmış separatçıların “lideri” Samvel Şahramanyanı yenidən “rəhbər” seçilməsi münasibətilə təbrik etməsi artıq bütün əndazələrin keçilməsi idi. Ardınca da sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu.

Bütün bu baş verənlər sözün əsl mənasında Azərbaycanın səbrini tükətdi. Həm BMT-nin qətnamələrinə, həm də üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycan Ordusu təhlükəsizliyini təmin etmək üçün lokal antiterror tədbiri həyata keçirməyə məcbur oldu. Qondarma rejimin Ermənistan tərəfindən silahlandırması, Qarabağ ərazisində terror aktları törədilməsi, azərbaycanlı mülki şəxslərə və polis əməkdaşlarına qarşı hücumlar bu əməliyyatı qaçılmaz etdi.
Sirr deyil ki, qarşımızda peşəkar hərbçilərdən və muzdlu döyüşçülərdən ibarət, təcrübəli şəxsi heyət dayanırdı və irəliyə addım atmaq üçün yarmalı olduğumuz illərlə möhkəmlənmiş müdafiə mövqeləri var idi. Üstəlik, hərbi mövqelər qəsdən yaşayış məskənləri arasına, iaşə obyektlərinin yaxınlığında yerləşdirilmişdi ki, hər hansı hərbi əməliyyat çərçivəsində mülki əhalidən sipər kimi istifadə edilsin. Habelə siyasi situasiya da kifayət qədər mürəkkəb idi və aralarında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də olmaqla separatçılara açıq formada dəstək verilirdi. Belə mürəkkəb hərbi-geosiyasi şəraitdə mümkün ehtimallardan daha qısa zaman kəsiyində düşmənin diz çökdürülməsi dünya hərb tarixinin qızıl səhifələrindən biridir. Lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixi üçün misilsiz səhifədir, bu birmənalı belədir.

Digər bir tərəfdən xalqımızın həmrəyliyini və döyüş ruhunu, Ordumuzun peşəkarlığını xüsusi qeyd etmək çox vacibdir. Xalq və ordu, sözsüz ki, Ali Baş Komandanın rəhbərliyi altında son erməni separatizminin məhv edilməsi üçün böyük vəhdət nümayiş etdirdilər. Bu tarixi qələbədən sonra Azərbaycan prezidenti daha ardıcıl və məntiqli addım atdı. O, Azərbaycan xalqına müraciətində yeni geosiyasi situasiyada bölgədə sonrakı tendensiyaların yol xəritəsini ortaya qoydu. Daha bir fakya diqqət edək - Azərbaycan işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda son 3 il ərzində həyata keçirdiyi tədbirlərlə inkişaf və tərəqqidə özü bir nümunə yaradıb. Azərbaycan Prezidentinin çox vacib istiqamətlərdən biri kimi diqqətə çatdırdığı məqam bölgəyə yad ünsürlərin müdaxiləsi və bu müdaxilənin birgəyaşayış, bölgədə davamlı, dayanıqlı sülh və sabitlik üçün təhdid olması ilə bağlı idi. Bu fikirlər Fransa başda olmaqla Avropa İttifaqının separatizmi dəstəkləyən liderlərinin Ermənistanın revanşist hərəkətləri üçün silah-sursat və milyonlarla dollar vəsait ayrıması fonunda olduqca daha aktual səslənir.

Bəli, Azərbaycanın niyyəti çox aydındır. Azərbaycan bölgə dövlətləri ilə sağlam, sülh və əmin-amanlıq şəraitində yaşamaq, tərəqqiyə, inkişafa nail olmaq niyyətindədir. Lakin hər vəchlə Ermənistanı yeni qanlı toqquşmalara sürükləyənlər üçün sülh şəraitində birgəyaşayış görünür onların planları üçün sonluq deməkdir Onlar hər vəchlə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olurlar. Lakin unutduqları bir fakt daha var: dəmir yumruq yerindədir!

Həbib Misirov,

YAP Kəlbəcər rayon təşkilatının sədri