• Tribuna
  • 21 Sentyabr 08:02
  •  17 844

Dövlət Suverenliyi Günü- Dövlətçiliyimizin qürur tarixi!

Bu günlərdə xalqımız daha bir mötəbər tarixi hadisənin, böyük qürurla qeyd edəcəyimiz əlamətdar günün sevincini yaşayır. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə bundan sonra hər ilin sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Sərəncamda deyilir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir».

Məlum olduğu kimi, Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. 44 gün davam edən müharibə nəticəsində işğal altındakı ərazilərinin bir hissəsini azad edən Azərbaycan digər ərazilərindən - Kəlbəcər, Ağdam və Laçın rayonlarından erməni qoşunlarının çıxarılmasını təmin etdi. Bununla da öz torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu. Bu, dünya praktikasında ədalətin bərqərar olduğu nadir hadisələrdən, bir ölkənin öz suverenliyini bərqərar etmək üçün böyük qəhrəmanlıq salnamələrindən biridir.
Digər baxımdan, Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan, Ermənistanın və erməni diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi qeyri-qanuni və suveren dövlət daxilində qəbuledilməz bir vəziyyət idi. Bu vəziyyət Azərbaycanın beynəlxalq hüquqi suverenliyini sual altına qoymadan onun suveren ali hakimiyyətini və suverenliyin nəzarət funksiyasını məhdudlaşdırırdı. Azərbaycan qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində ötən il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Həmin nəzarət-buraxılış məntəqəsinin yaradılması hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi demək idi. Bu, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyi növbəti tarixi nailiyyət hesab olunur. Həkəri çayının üzərində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan bütün beynəlxalq sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa cür desək, ərazi bütövlüyünü təmin etdi.

Unutmayaq ki, suverenlik dövlətin mövcudluğunun və müstəqilliyinin əsas elementidir: Çünki dövlət suverenliyi dövlətin öz ərazisində vahid və şəriksiz üstünlüyü və beynəlxalq münasibətlərdə müstəqilliyi deməkdir.
Bu gün Azərbaycan öz torpaqlarını tamamilə işğaldan azad edib. Artıq Azərbaycan torpaqlarının heç bir qarışında separatçılar mövcud deyil. Təbii ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda həyatı dirçəltməyə davam edir. Artıq Xankəndi şəhərində Qarabağ Universiteti də fəaliyyətə başlayıb. Bütün bu konteksdə tarixi günlər biri-birinə qarışıb. 20 sentyabr həm “Əsrin Müqaviləsi”nin imzalanmasının 30 ili tamam olur, həm də yuxarıda qeyd etdiyimiz kimi, Qarabağda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günlərinin təsis edilməsi haqqında 20 sentyabrda cənab Prezident tərəfindən öncədən Sərəncam imzalanıb.
Eyni zamanda 20 sentyabr artıq Dövlət Suverenliyi Günü kimi simvolik anlamda da kifayət qədər mühüm önəm daşıyır. Xüsusilə Dövlət Suverenliyi Gününün təsis edilməsi həm dosta, həm də düşmənə bir mesajdır.
Müasir beynəlxalq hüququn fəlsəfəsinə görə, dövlət ərazisinin böyüklüyündən, əhalisinin sayından, konstitusiya quruluşundan asılı olmayaraq suverenliyə malikdir. Suverenlik dövlətin və dövlətçiliyin əsas əlamətidir və onu siyasi münasibətlərin xüsusi subyekti, cəmiyyətin siyasi sisteminin əsas tərkib hissəsi kimi səciyyələndirir. Dövlət suverenliyi anlayışına beynəlxalq hüququn müstəqil subyektinin ərazisinin bütövlüyü və bölünməzliyi, sərhədlərinin toxunulmazlığı və onun daxili işlərinə kənar müdaxilənin yolverilməzliyi kimi fundamental prinsiplər daxildir.

Digər bir baxımdan böyük qürur hissi ilə qeyd etməliyik ki, dövlət suverenliyimizin təmin olunması, dövlət müstəqilliyimizin bərpa olunması, ərazi bütövlüyümüzün təmin edilməsi qədər əhəmiyyətlidir. Çünki bu bizim xalqımızın tarixinin ən şanlı, ən şərəfli səhifələrindən biridir. Cənab Prezidentin Sərəncamında da göstərilir ki, 44 günlük şanlı Zəfər müharibəsindən sonra Azərbaycan torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünü təmin etdi. Ondan sonrakı dövrdə isə Qarabağ iqtisadi rayonunda dalbadal baş verən və genişlənən erməni terrorunun aradan qaldırılması və ona son qoyulması məqsədilə 2023-cü ilin sentyabrın 19-da başlayan antiterror əməliyyatı 23 saat ərzində düşmən qüvvələrinin tam darmadağın edilməsi ilə nəticələndi və Azərbaycan ordusunun gücünü, qüdrətini, Azərbaycanın siyasi rəhbərinin, Azərbaycan xalqının iradəsini bir daha dünyaya sübut etmiş oldu.

Azərbaycan Ordusu bu dəfə də dünyada misli görülməmiş hərbi uğura imza atdı. Belə ki, bu əməliyyat nəticəsində 1761 hədəf məhv edildi, amma 1 nəfər belə mülki sakinə zərər dəymədi. Heç bir mülki infrastruktura zərər verilmədi, sadəcə legitim hərbi hədəflər vuruldu. Eyni zamanda, revanşist qüvvələrə, ermənilərin arxasında duran dövlətlərə və təşkilatlara gücümüzü göstərdik. Azərbaycanın torpaqlarında gözü olanlara qandırdıq ki, biz güclüyük və basılmazıq!

Unutmayaq ki, ölkəmiz bu Qələbəsi ilə həm də işğalçı Ermənistanı dəstəkləyən, separatizmi qızışdıran bəzi beynəlxalq siyasi dairələrə, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən ölkələrə də layiqli cavab verib. Ermənistan 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza ataraq üzərinə götürdüyü öhdəlikləri məhz həmin qüvvələrin dəstəyi və havadarlığı ilə yerinə yetirmirdi. Ermənistanın siyasi rəhbərliyi işğalı davam etdirməyə, Qarabağda fəaliyyət göstərən separatçı rejimə dəstək verməyə çalışırdı. Lakin Azərbaycan öz ordusunun gücü ilə istəyinə nail oldu və dünyada bənzəri olmayan siyasi iradə və qətiyyət, yüksək səviyyədə hərbi peşəkarlıq nümayiş etdirdi.

Bu gün bütün ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır, bütün ərazilərimizdə Prezident seçkiləri və Milli Məclisə seçkilər keçirildi. İnşallah bu ilin sonunda da bələdiyyə seçkiləri keçiriləcək. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşları, keçmiş məcburi köçkün soydaşlarımız yenə də öz ata-baba yurdlarında səs verəcəklər. Artıq hamımıza məlumdur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu sürətlə inkişaf edir. Prezident İlham Əliyev ötən il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən o anları böyük xoşbəxtlik və tarixi hadisə adlandırmışdır: “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

Bəli, biz əzəli torpaqlarımızı yenidən dirçəldirik. Yağı düşmən də, onlara havadarlıq edənlər də bilsinlər ki, Azərbaycan xalqı vahid yumruq kimi Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Bu gün Ermənistanı qızışdırıb revanşizmə sürükləyənlər də yaxşı eşitsinlər - DƏMİR YUMRUQ yerindədir!

Muxtar Nağıyev,
YAP Səbail rayon təşkilatının sədri