• Tribuna
  • 26 Sentyabr 12:33
  •  17 305

27 sentyabr tarixi və müqəddəs gündür - Əli Məsimli yazır

44 günlük Vətən Müharibəsinin başlanmasından 4 il keçir.

Azərbaycan xalqı güclü iradə, birlik nümayiş etdirərək 30 il davam edən işğala son qoydu. Azərbaycan əsgərinin 27 sentyabrdan başlanan 44 günlük zəfər yürüşü haqq-ədalətin bərpa prosesi olmaqla yanaşı, həm də işğal altında olan torpaqların öz gücümüz və iradəmizlə azad edə bilicəyimizin mümkünlüyünü dünyaya göstərdi.Bu zəfər həm də xalqımız çoxəsrlik yaddaşını, kimliyini xatırlatdı, genlərində var olan cəsarətini ayağa qaldırdı, öz mənliyini bərpa etdi. Bu şanlı ZƏFƏR -də milli həmrəyliyimiz, xalqımızın Ali Baş Komandan ətrafında yumruq kimi birləşməsi, Azərbaycan əsgərinin vətənpərvərliyi ilə intellektual müharibənin effektiv kombinasiyasına nail olunması həlledici rol oynadı.

27 sentyabrdan başlanan 44 günlük Vətən Müharibəsi fikirdə,sözdə və əməldə əsl dostlarımızın və bədnam düşmənlərimizin kimliyini əyani şəkildə ortaya qoydu.44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, işbirliyi növbəti dəfə də sınaqdan çox uğurla çıxdı və bu birlik daha da möhkəmlənib, daha geniş planda yeni reallıqlar yaradır, regionumuzda dayanıqlı sülh, əmin-amanlıq və təhlükəsizliyi təmin edən güclü amilə çevrilib.

Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir ölkə kimi çıxıb.Və bunu ötən il sentyabrın 19-u və 20-də anti-terror əməliyyatını 24 saata yekunlaşdıra bilməklə əyani şəkildə bir daha sübut elədi.Süverenliyimiz bərpa olundu.Azərbaycan əsgəri hərb tarixinin “44 gün+ 23 saat 43 dəqiqə =Azərbaycanın süverenliyinin bərpası” formulunu yaratdı!

Bütün Azərbaycan xalqı 27 sentyabr - Anım Günündən qürür duyur. Xalqımız öz qəhrəmanları ilə fəxr edir. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Xalqımız hər zaman 27 Sentyabr – Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına Şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır!

27 sentyabr tarixi və müəqddəs gündür. Azərbaycan xalqı hər zaman bu günü dərin ehtiram hissi ilə qeyd edəcək, bizə bu böyük qələbəni bəxş edən qəhrəmanlar daim sevgi və ehtiram hissi ilə yad olunacaq!

Bir daha Azərbaycan xalqınının qalib xalqa çevrilməsi yolunda canlarından keçmiş, rəşadət, şərəf və igidlik rəmzimiz olan bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan onlara rəhmət diləyirik. Vətən naminə hərbi əməliyyatlar zamanı sağlamlıqlarını itirmiş qazilərimizə Tanrıdan şəfa diləyirik.

Əli Məsimli,

Millət vəkili