- Tribuna
- 28 Oktyabr 12:43
- 11 586
ATGTİ-nin baş katibi Rəşad Zeynalov: COP29-a dəstək olmaq məqsədilə İttifaq silsilə layihələr reallaşdırır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəstək olmaq məqsədilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) silsilə layihələr reallaşdırmaqdadır.
ATGTİ-nin Baş Katibi Rəşad Zeynalov bildirib ki, COP29 kimi əhəmiyyətli bir tədbirə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenada böyük nüfuz qazanmasının vacib göstəricilərindən biridir. COP29 ilə bağlı ATGTİ tərəfindən də keçirilən tədbirlər tələbə gənclərin maariflənməsində mühüm əhəmiyyət kəsb edir.
İttifaq tərəfindən elan olunan proqram çərçivəsində yerlərdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatları (TGT) təbiətin, ətraf mühitin qorunması, biomüxtəliflik, yaşıl enerji və sair COP29-un əsas mövzularına həsr olunmuş seminar, təlim, forum, yarış, mühazirə, simulyasilar və bu qəbildən olan fəaliyyətləri həyata keçirir.
Fəaliyyətlər dövlət gənclər siyasətinə uyğun olaraq, təhsil müəssisələrində təhsil alan tələbələrin yeni təcrübələr əldə etməsinə, onların yeni bilik və bacarıqları mənimsəməsinə dəstək göstərir. Həmçinin, gənclər yaşıl dünya, infrastruktur, iqtisadiyyat, enerji və digər bənzər sahələrdə özlərini inkişaf etdirərək və yeni məlumatlar öyrənir.
Qeyd edək ki, COP29-a dəstək olmaq məqsədilə 65-dən çox layihənin icra olunması, 5000-dən çox gəncin əhatə edilməsi nəzərdə tutulur.